Aİ-nin Rusiyaya qarşı yeni sanksiya paketi rekord qırdı



Avropa İttifaqı Rusiyanın hərbi-sənaye kompleksi ilə əlaqəli 1569 şəxs və qurumu yeni sanksiya siyahısına daxil edib. Bu, Aİ-nin indiyədək qəbul etdiyi ən böyük sanksiya siyahısıdır.

AFN.az xəbər verir ki, TASS agentliyi Aİ-nin “Rəsmi Jurnal”ında dərc olunan üç sənədi təhlil edərək yeni paketin həcminin 1000 səhifəni keçdiyini yazıb.

Agentliyin təhlilinə görə, 22-ci paket çərçivəsində əsas sanksiya siyahısı 1569 yeni mövqe ilə genişləndirilib. Siyahıya Rusiyanın hərbi-sənaye kompleksi ilə əlaqəli 826 şirkət və həmin müəssisələrin 743 rəhbəri daxil edilib. Bundan əlavə, Krım, Donbas və Novorossiya adlandırılan ərazilərdə Rusiya Dövlət Dumasına keçirilən seçkilərdə namizəd olmuş və deputat seçilmiş 77 nəfər də ayrıca siyahıya salınıb.

TASS-ın təhlilində Rusiyanın və Şimali Koreyanın şirkətlərinə qarşı ikitərəfli əməkdaşlıqla əlaqədar tətbiq olunan məhdudiyyətlər də qeyd olunur. Sanksiyaya məruz qalan şəxslərin və qurumların Avropa İttifaqındakı aktivləri dondurulur, fiziki şəxslərin isə birliyə girişi qadağan edilir.

Agentlik bildirir ki, yeni paketdə Rusiyaya qarşı əlavə sistemli və ya sektoral qadağalar yer almayıb. TASS-ın yazdığına görə, iyunda gündəmə gətirilən xüsusi hərbi əməliyyat iştirakçılarına viza verilməsinin qadağan edilməsi və Avropa şirkətlərinin Rusiya neftinin daşınmasında iştirakına tam qadağa qoyulması ilə bağlı təkliflər yekun sənədlərə daxil edilməyib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu