London İranı Britaniya ərazisində təhlükəsizliyə təhdid yaratmaqda ittiham edir
Böyük Britaniyanın Baş naziri Endi Bernem sentyabrda İngiltərənin qərbindəki “Fairford” Kral Hərbi Hava Qüvvələri bazası yaxınlığında baş vermiş insidentin İranla əlaqəli olduğunu iddia edib.
AFN.az xəbər verir ki, Bernem bu barədə Britaniya parlamentinin İcmalar Palatasında çıxışı zamanı danışıb.
Baş nazirin sözlərinə görə, Londonun qiymətləndirməsinə əsasən, insidentin İranda koordinasiya edilməsi və İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəhbərliyi altında həyata keçirilməsi ehtimalı yüksəkdir.
Bernem bildirib ki, Britaniya öz ərazisində təhlükəsizliyə yönələn təhdidlərə dözməyəcək. O, İranla əlaqəli cinayətkar şəbəkələrə və onların maliyyə mənbələrinə qarşı tədbirlərin görüləcəyini, həmçinin İranın və SEPAH-ın fəaliyyət imkanlarını məhdudlaşdırmaq üçün əlavə sanksiyaların tətbiq ediləcəyini açıqlayıb.
Baş nazirin çıxışı ilə eyni vaxtda Böyük Britaniya hökumətinin rəsmi saytında İrana qarşı sanksiya siyahısı yenilənib. Siyahıya iki nəfər – Ruhullah Bazqandi və Əli Tamarzadə daxil edilib.
London Bazqandinin İran hökumətinin maraqları naminə kəşfiyyat fəaliyyəti ilə məşğul olduğunu, onun Tamarzadə ilə birlikdə Böyük Britaniya və ya digər ölkələrin sakinlərinə qarşı hücumların planlaşdırılmasında və ya həyata keçirilməsində iştirak etdiyini iddia edir.

