Fransada supermarketlərin soyutma sistemlərinə kiberhücum: Məhsullar xarab olub
Fransada ən azı 150 supermarketin soyutma sistemləri kiberhücumun hədəfinə çevrilib.
AFN.az xəbər verir ki, sistemə uzaqdan müdaxilə edən hakerlər soyuduculardakı təzə və dondurulmuş məhsulların xarab olmasına səbəb olaraq milyonlarla avro ziyana yol açıblar.
Bəzi mağazalarda temperaturun uzaqdan dəyişdirildiyi və bunun təzə və dondurulmuş məhsul ehtiyatlarının xarab olmasına gətirib çıxardığı bildirilib.
Cooperative U qrupunun baş icraçı direktoru Dominik Şelşe sosial media hesabında paylaşım edərək hadisəni təsdiqləyib. Şelşe ötən gecədən etibarən şəbəkələrinə daxil olan bir sıra mağazaların soyutma qurğularının kiberhücuma məruz qaldığını bildirib.
Hücumdan sonra dondurma vitrinlərində temperatur 26 dərəcədən yuxarı qalxıb. Yalnız Elzas bölgəsindəki iki Intermarché və Super U supermarketində 270 min avro məbləğində zərər qeydə alınıb. Ölkə üzrə maddi itkinin milyonlarla avroya çata biləcəyi ehtimal edilir.
BFMTV-nin məlumatına görə, normal şəraitdə soyutma qurğularını qorumaq üçün nəzərdə tutulan sistem hakerlər tərəfindən ələ keçirilib.
Hakerlərin həmin sistemin iş prinsipini dəyişdirərək davamlı və məcburi buzəritmə prosesini işə saldıqları bildirilib. Bu müdaxilə nəticəsində bəzi soyuducularda temperaturun 50 dərəcəyədək yüksəldiyi qeyd olunub.


