Səudiyyə Ərəbistanında hava limanlarına hücumlarda 3 nəfər ölüb, 36 nəfər yaralanıb
Səudiyyə Ərəbistanının Mülki Aviasiya Baş İdarəsi (GACA) ölkənin cənubundakı Abha şəhərində yerləşən Abha Beynəlxalq Hava Limanı ilə paytaxt Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına dünən və bu gün təşkil edilən hücumlarda 3 nəfərin öldüyünü, 36 nəfərin yaralandığını bildirib.
AFN.az xəbər verir ki, GACA-nın açıqlamasında dünən və bu gün Abha Beynəlxalq Hava Limanı və Kral Xalid Beynəlxalq Hava Limanının obyektlərini hədəf alan iki hücum təşkil edildiyi bildirilib.
Açıqlamada fövqəladə hallar qrupları və aidiyyəti qurumların hücumlardan sonra hadisələrə təsdiqlənmiş prosedur və planlara uyğun olaraq dərhal müdaxilə etdiyi qeyd olunub.
Açıqlamada ölkənin cənubundakı Abha Beynəlxalq Hava Limanına hücum nəticəsində Mərakeş və Əlcəzair vətəndaşı olan iki qadının həyatını itirdiyi bildirilib.
Hücumda Banqladeş və Filippin vətəndaşlarının da aralarında olduğu 28 nəfərin yaralandığı, xəsarətlərin yüngüldən ağır dərəcəyədək dəyişdiyi qeyd edilib.
Paytaxt Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına hücumda isə Sudan vətəndaşı olan bir nəfərin həyatını itirdiyi bildirilib.
Hücumda 5 Səudiyyə Ərəbistanı, 2 Misir və 1 Pakistan vətəndaşı olmaqla 8 nəfərin yaralandığı, xəsarətlərin yüngül və ağır dərəcələr arasında dəyişdiyi bildirilib.
Hücumlar nəticəsində maddi ziyanın meydana gəldiyi qeyd olunub.
Səudiyyə Ərəbistanının Mülki Aviasiya Baş İdarəsinin aidiyyəti təhlükəsizlik qurumları ilə koordinasiya şəraitində zərəri qiymətləndirdiyi, sərnişinlərin və əməkdaşların təhlükəsizliyini təmin etmək, ölkənin mülki aviasiya sisteminin təhlükəsizliyini qorumaq üçün bütün zəruri tədbirləri gördüyü bildirilib.
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb Koalisiyasının sözçüsü briqada generalı Türki əl-Maliki açıqlamasında Ər-Riyada hücumda istifadə edilən ballistik raket buraxılış platformasını məhv etdiklərini bildirib.
Maliki buraxılış platformasının Yəmənin paytaxtı Sənada Səudiyyə Ərəbistanına hücuma hazırlıq zamanı məhv edildiyini qeyd edib.
Yəməndə İranın dəstəklədiyi Husilər Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad və Abha şəhərindəki hava limanlarını ballistik raketlər və pilotsuz uçuş aparatları ilə hədəf aldıqlarını açıqlamışdı.
Suriyanın Xarici İşlər Nazirliyinin yazılı açıqlamasında Husilərin bazar ertəsi axşam Səudiyyə Ərəbistanındakı Kral Abdullah bin Əbdüləziz Beynəlxalq Hava Limanı və Nəcran Beynəlxalq Hava Limanının obyektlərinə təşkil etdiyi hücumlara münasibət bildirilib.
Açıqlamada Suriyanın Səudiyyə Ərəbistanı ilə tam həmrəylik nümayiş etdirdiyi və bu ölkənin təhlükəsizliyini, ərazi bütövlüyünü və mülki obyektlərini təhdid edən bütün cəhdlərin əleyhinə olduğu bildirilib.
Hava limanlarının və mülki obyektlərin hədəfə alınmasının beynəlxalq hüquq normaları ilə yanaşı, mülki şəxslərin və mülki obyektlərin qorunması prinsiplərinin açıq şəkildə pozulması olduğu vurğulanan açıqlamada hücumların hava nəqliyyatının təhlükəsizliyi baxımından da təhdid yaratdığı qeyd edilib.
Suriyanın dövlətlərin təhlükəsizliyini və sabitliyini hədəf alan bütün hücumları rədd edən mövqeyini bir daha təsdiqlədiyi bildirilib.

