Ukrayna: Zaporojye şəhəri və Dnepropetrovsk vilayətinə hücumlarda 9 nəfər ölüb



Rusiya ordusunun Ukraynanın Zaporojye şəhərinə və Dnepropetrovsk vilayətinin müxtəlif yaşayış məntəqələrinə həyata keçirdiyi hava hücumlarında 9 nəfərin həyatını itirdiyi bildirilib.

AFN.az xəbər verir ki, Zaporojye Vilayəti Hərbi Administrasiyasının rəhbəri İvan Fedorov sosial media hesabında etdiyi paylaşımda Rusiyanın bu gecə Zaporojye şəhərinə hava hücumu həyata keçirdiyini bildirib.

Hücumun raket və idarə olunan bombalardan istifadə edilməklə həyata keçirildiyini bildirən Fedorov ilkin məlumatlara görə 6 nəfərin öldüyünü, 19 nəfərin yaralandığını açıqlayıb.

Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətindən (DSNS) verilən açıqlamada isə Dnepropetrovsk vilayətinin müxtəlif yaşayış məntəqələrinə həyata keçirilən hava hücumlarında 3 nəfərin öldüyü, 5 nəfərin yaralandığı bildirilib.

DSNS-in digər açıqlamasında Rusiyanın bu gecə Ukraynanın paytaxtı Kiyevə ballistik raketlə hücum etdiyi qeyd olunub.

Hücum zamanı şəhərin Şevçenski rayonunda uşaq xəstəxanasının yerləşdiyi ərazinin zərbəyə məruz qaldığı bildirilib. Açıqlamada “Hadisə yerində 2 çuxur yaranıb. Binanın şüşələri və qaz borusu zədələnib. Qaz xidmətinin əməkdaşları sızmanı aradan qaldırıb. Uşaqlar və həkimlər sığınacaqda olublar. Heç bir ölüm və ya yaralanma baş verməyib” ifadələrindən istifadə edilib.

Bundan əlavə, şəhərdəki bir anbarın da hücum nəticəsində zədələndiyi bildirilib və hücum zamanı bir nəfərin yaralandığı açıqlanıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu