İranın Londondakı səfiri Britaniya XİN-ə çağırılıb



İranın Londondakı səfiri Seyid Əli Musəvi Tehranın ölkənin təhlükəsizliyini təhdid edən fəaliyyətlərdə iştirak etdiyi iddiaları ilə əlaqədar Britaniyanın Xarici İşlər Nazirliyinə çağırılıb. 

AFN.az xəbər verir ki, bu addım İranın cinayət şəbəkələri, proksi qruplar və dövlət dəstəkli fəaliyyətlər vasitəsilə Britaniyanın təhlükəsizliyinə təhdid yaratdığı barədə irəli sürülən ittihamlarla bağlıdır.

Britaniyanın xarici işlər naziri Ed Milibend açıqlamasında İranın cinayət şəbəkələri, proksi qrupları və dövlət dəstəkli zərərli fəaliyyətlər vasitəsilə Britaniyanın və onun beynəlxalq tərəfdaşlarının təhlükəsizliyini sarsıtmağa yönələn davamlı cəhdlərinin qəbuledilməz olduğunu bildirib.

Milibend Britaniyanın öz ərazisində təhdidlərə dözməyəcəyinin İrana dəfələrlə çatdırıldığını vurğulayıb. O, bu mesajı bütün təfərrüatları ilə bir daha çatdırmaq üçün İranın Britaniyadakı səfirinin Xarici İşlər Nazirliyinə çağırılması barədə göstəriş verdiyini qeyd edib.

Milibend xaricdə hücumlar planlaşdırmaq və ya həyata keçirmək niyyətlərinin açıq olduğu əsas gətirilərək, İran adından düşmənçilik xarakterli fəaliyyətlərə töhfə verdiklərinə və ya bu fəaliyyətlərdə iştirak etdiklərinə görə iki İran vətəndaşının da sanksiya siyahısına salındığını açıqlayıb.

Britaniya hökumətinin İranın əməllərinə qarşı mübarizə aparmaq və milli təhlükəsizliyini qorumaq əzmindən heç vaxt geri çəkilməyəcəyini bildirən Milibend İran İslam İnqilabı Keşikçiləri Korpusunun dövlət mənşəli təhdidlərlə mübarizə üçün nəzərdə tutulan yeni səlahiyyətlər çərçivəsində sanksiya siyahısına daxil edildiyini, İranın zərərli fəaliyyətlərinə görə məsuliyyət daşıyan şəxslərə də sərt sanksiyaların tətbiq olunduğunu deyib.

İranın Londondakı səfiri Seyid Əli Musəvinin Xarici İşlər Nazirliyinə çağırılması prosedurunu Britaniyanın Yaxın Şərq məsələləri üzrə dövlət naziri Stiven Douti həyata keçirib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu