AP Qara dənizdə dəniz əməliyyatı variantını nəzərdən keçirməyi istəyib



Avropa Parlamenti (AP) Qara dənizdə mülki ticarət gəmilərinə qarşı hücumlardan sonra Avropa İttifaqına (Aİ) bölgədə dəniz əməliyyatı keçirilməsi variantını nəzərdən keçirmək çağırışı edən qətnamə layihəsini qəbul edib. 

AFN.az xəbər verir ki, Strasburqda keçirilən AP-nin plenar iclasında sənəd 52 deputatın əleyhinə, 432 deputatın lehinə səs verməsi ilə qəbul olunub, 88 deputat isə bitərəf qalıb.

Qətnamədə Bolqarıstan və Rumıniya sahillərində baş verən son hücumlara, eləcə də Rumıniyanın hava məkanının dəfələrlə pozulmasına görə Rusiya məsul tutulub.

Qara dənizin qərbində mülki gəmilərə qarşı hücumların Rusiyanın Ukraynaya qarşı apardığı müharibəni genişləndirməsinin bir hissəsi olduğu bildirilən qətnamədə Moskvanın mülki dəniz daşımalarını sistemli şəkildə hədəf aldığı qeyd edilib.

Qətnamədə Rumıniya və Bolqarıstanın dənizdə xilasetmə qruplarının, sərhəd polisinin və bölgədən keçən ticarət gəmilərinin yardım səyləri təqdir edilib. Bununla yanaşı, Bolqarıstan hökumətinin Rusiya təhlükəsinə qarşı mövqeyi tənqid olunub.

Sənəddə naviqasiya azadlığının və dəniz təhlükəsizliyinin NATO-nun şərq cinahının və Qara dəniz regionunun təhlükəsizliyi baxımından əhəmiyyət daşıdığı vurğulanıb. Aİ və üzv dövlətlərindən Qara dənizdə dəniz əməliyyatı keçirilməsi imkanını nəzərdən keçirmək tələb olunub.

Qətnamədə NATO-ya da mövcud müzakirələr əsasında Qara dənizdə patrul təşəbbüsünü nəzərdən keçirmək çağırışı edilib. Həmçinin Bolqarıstan, Rumıniya və Türkiyə arasında regional əməkdaşlığın gücləndirilməsinin vacibliyi qeyd olunub.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu