Fransada etiraz aksiyalarına 500 minədək insanın qatılacağı proqnozlaşdırılır



Fransada oktyabrın 24-də keçiriləcək etiraz aksiyalarında 400-500 min nəfərin iştirak edəcəyi gözlənilir.

AFN.az xəbər verir ki, bu barədə yerli TF1 telekanalı məlumat yayıb.

Məlumata görə, hakimiyyətin tətbiq etdiyi məhdudiyyətlərə baxmayaraq, ölkənin müxtəlif bölgələrində keçiriləcək aksiyalar “Nümayiş qadağalarına meydan oxumaq, dövləti sarsıtmaq” şüarı altında təşkil olunacaq.

Telekanalın məlumatında hüquq-mühafizə orqanlarının dövlət qurumlarının binalarına və polis əməkdaşlarına hücumların, eləcə də yeni talan hallarının baş verə biləcəyini istisna etmədiyi bildirilir.

Fransanın ərazi kəşfiyyat xidmətinin məlumatına əsasən, ticarət obyektlərinin sahibləri öz əmlaklarını müstəqil şəkildə qorumağa hazırlaşırlar. Sahibkarların gözyaşardıcı qaz balonları, elektroşok cihazları və digər özünümüdafiə vasitələrini kütləvi şəkildə aldıqları qeyd olunur.

Yeni etiraz aksiyaları ərəfəsində Fransa hakimiyyəti nümayişlərin keçirilməsinə dair bir sıra məhdudiyyətlər tətbiq edib. Prezident Emmanuel Makron yaxın günlərdə nümayişlərin qarşısının alınmasını tapşırıb, həmkarlar ittifaqlarının təşkil etdiyi yürüşlər isə istisna təşkil edir.

Oktyabrın 24-də Lion və Marsel şəhərlərində bütün nümayişlər qadağan edilib. Nitsa, Tulon, Ruan, Havr və bir sıra digər şəhərlərdə də məhdudiyyətlər qüvvədədir. Parisdə isə hakimiyyət yalnız paytaxtın şərqində yerləşən Bastiliya meydanından Millət meydanına qədər həmkarlar ittifaqlarının təşkil etdiyi yürüşə icazə verib. Bundan başqa, Fransanın bəzi şəhər ərazilərində komendant saatı tətbiq olunub.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu