Hindistan Qərb ölkələrini iqlim dəyişikliyinə görə ittiham edib


Hindistanın ticarət və sənaye inkişafı naziri Piyuş Qoyal Qərb ölkələrini atmosferə yüksək həcmdə istixana qazları buraxmaqda və iqlim dəyişikliyi ilə mübarizənin maliyyələşdirilməsi üzrə öhdəlikləri yerinə yetirməməkdə ittiham edib.

AFN.az xəbər verir ki, nazir bu barədə Berlin Qlobal İqlim Dialoqu çərçivəsində keçirilən dəyirmi masada çıxışı zamanı danışıb. Onun fikirlərini “Hindustan Times” nəşri yayıb.

Qoyalın sözlərinə görə, ozon təbəqəsinin tükənməsi və karbon qazının qeyri-mütənasib dərəcədə yüksək həcmdə atmosferə buraxılması nəticəsində ətraf mühitə dəyən zərərə görə Qərb ölkələri məsuliyyət daşıyır. O bildirib ki, bu ölkələrin karbon emissiyaları inkişaf etməkdə olan dövlətlərin göstəricilərini üstələyir.

Nəşrin yazdığına görə, dünya əhalisinin 17 faizini, yəni təxminən 1,4 milyard nəfəri təşkil edən Hindistanın qlobal karbon qazı emissiyalarındakı payı 3 faizdən azdır. Qəzet Avropa ölkələrinin dünya əhalisinin 3-4 faizini təşkil etməsinə baxmayaraq, onların adambaşına düşən emissiyalarının Hindistanla müqayisədə, ehtimal ki, 7-8 dəfə çox olduğunu qeyd edib.

“İqlim dəyişikliyi problemi Qərbin günahı ucbatından yaranıb”, – deyə Qoyal vurğulayıb.

Na z ir bildirib ki, inkişaf etməkdə olan ölkələrə iqlim dəyişikliyi ilə mübarizə üçün maliyyə və texnoloji dəstək məqsədilə vəd edilmiş 100 milyard dollar onlara çatmayıb. Onun sözlərinə görə, 2025-ci ildə Parisdə keçirilən iqlim konfransında səsləndirilən bu vəddən 11 il keçməsinə baxmayaraq, inkişaf etməkdə olan ölkələr həmin vəsaitdən heç nə əldə etməyiblər.

Bununla yanaşı, BMT-nin Ətraf Mühit Proqramının bu həftə dərc olunan illik hesabatına əsasən, Hindistanda 2025-ci ildə istixana qazı emissiyaları 2024-cü illə müqayisədə azalıb. Buna təsir edən amillərdən biri bərpa olunan enerji mənbələrindən istifadənin genişlənməsi olub.

Hesabatda qeyd olunur ki, Hindistan dünyada istixana qazlarının həcminə görə üçüncü yerdə qalsa da, ölkədə adambaşına düşən emissiyalar dünya üzrə orta göstəricinin yarısından azdır. Bu göstərici həmçinin istixana qazlarının ən böyük iki emissiya mənbəyi olan Çin və ABŞ-dan xeyli aşağıdır.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu