Yaponiyadan iqlim dəyişikliyi ilə mübarizəyə töhfə

Yaponiya iqlim dəyişikliyi ilə mübarizə üçün Asiya İnkişaf Bankının (AİB) aşağı gəlirli və kövrək ölkələr fonduna 162 milyard yen, təxminən 1 milyard dollar verəcək.
Yaponiyanın maliyyə naziri Suzuki Shuniçi AİB-in Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Gələcəyə Körpü” adlı 57-ci illik toplantısında ölkəsinin yeni töhfəsini açıqlayıb.
Asiya-Sakit okean regionunun 2023-cü ildə qlobal artımın 60 faizini təşkil etdiyini qeyd edən Suzuki regionun yoxsulluq, işsizlik və iqlim dəyişikliyi ilə mübarizəsinə toxunub.
AİB-nin aşağı gəlirli və kövrək ölkələrin problemlərinin həllində mühüm alət olduğunu ifadə edən Suzuki, iqlim dəyişikliyi ilə mübarizə üçün AİB fonduna 162 milyard yen verəcəklərini bildirib.
Asiya-Sakit Okean ölkələrinin iqtisadiyyatlarını qlobal inkişafın açarı kimi xarakterizə edən Suzuki Yaponiyanın iqlim dəyişikliyi ilə mübarizədə proaktiv dəstək verməyə hazır olduğunu qeyd edib.
AİB-in regional tərəqqi üçün mühüm rol oynamağa davam edəcəyini gözlədiyini bildirən Suzuki, ölkəsinin 2027-ci ildə AİB-in 60-cı illik toplantısına ev sahibliyi etməyi planlaşdırdığını da bildirib.