Qlobal xam polad istehsalı sentyabrda 0,2 faiz azalıb
Dünya üzrə xam polad istehsalı sentyabr ayında ötən ilin eyni dövrü ilə müqayisədə 0,2 faiz azalaraq 142,4 milyon ton təşkil edib.
AFN.az xəbər verir ki, Dünya Polad Assosiasiyası (worldsteel) sentyabr ayı üzrə xam polad istehsalına dair məlumatları açıqlayıb.
Məlumata görə, ilin doqquzuncu ayında qlobal xam polad istehsalı ötən ilin eyni ayı ilə müqayisədə 0,2 faiz azalaraq 142,4 milyon ton səviyyəsində olub.
Həmin dövrdə dünyanın ən böyük polad istehsalçısı olan Çində istehsal 0,1 faiz artaraq 73,6 milyon tona yüksəlib. İkinci yerdə qərarlaşan Hindistanda isə istehsal 1,9 faiz artaraq 13,9 milyon tona çatıb.
Digər aparıcı istehsalçılardan ABŞ-da istehsal, təxmini məlumatlara görə, 4,3 faiz artaraq 7,2 milyon ton, Rusiyada isə 6,2 faiz artaraq 5,5 milyon ton olub. Yaponiyada istehsal 0,6 faiz azalaraq 6,3 milyon tona düşüb, Cənubi Koreyada isə 3,6 faiz artaraq 5,2 milyon tona yüksəlib.
Türkiyədə sentyabr ayında xam polad istehsalı ötən ilin eyni ayına nisbətən 0,8 faiz artaraq 3,2 milyon ton təşkil edib.
Eyni dövrdə Almaniyada istehsal 13 faiz azalaraq 2,6 milyon tona, Braziliyada isə 0,8 faiz azalaraq 2,8 milyon tona düşüb.
İlk 10 istehsalçı arasında illik müqayisədə ən yüksək artıma nail olan Vyetnamda istehsal 29,1 faiz artaraq 2,6 milyon tona çatıb.
Yanvar-sentyabr dövrünün ümumi istehsal göstəricilərinə görə, ən böyük istehsalçı Çin doqquz ay ərzində xam polad istehsalını ötən ilin eyni dövrü ilə müqayisədə 2,9 faiz azaldaraq 724,8 milyon tona endirib.
Hindistanda isə istehsal 5,6 faiz artaraq 130 milyon tona yüksəlib.
Eyni dövrdə təxmini məlumatlara əsasən, ABŞ-da doqquz aylıq istehsal 5,8 faiz artaraq 64,9 milyon ton, Rusiyada isə 3,6 faiz azalaraq 49,4 milyon ton olub.
Yaponiyada istehsal 0,3 faiz azalaraq 60,3 milyon tona düşüb, Cənubi Koreyada isə 2,9 faiz artaraq 48 milyon tona çatıb.
Türkiyə yanvar-sentyabr dövründə xam polad istehsalını ötən ilin eyni dövrü ilə müqayisədə 6,1 faiz artıraraq 29,8 milyon tona çatdırıb və artım tendensiyasını qoruyub.
Digər mühüm istehsalçılardan Almaniyada doqquz aylıq istehsal 4 faiz artaraq 26,5 milyon ton, Braziliyada isə 1,7 faiz azalaraq 24,6 milyon ton olub. Doqquz ayın yekunlarına görə ən yüksək artım göstəricisinə nail olan Vyetnam istehsalını 29,1 faiz artıraraq 23,2 milyon tona çatdırıb.


