“Xalq Bank”ın kapitalı 8%-dən çox azalıb - Kredit və depozit portfeli kiçilib
“Xalq Bank” 2024-cü ilin I rübü üzrə maliyyə hesabatlarını açıqlayıb.
“APA-Economics” banka istinadən xəbər verir ki, 2024-cü ilin I rübündə “Xalq Bank”ın xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 47% artaraq 16 milyon 531 min manat təşkil edib. 2023-cü ilin müvafiq dövründə bank 11 milyon 214 min manat xalis mənfəət əldə etmişdi.
Hesabat dövründə bankın faiz gəlirləri 27% artaraq 44 milyon 921 min manat, faiz xərcləri isə 85% artaraq 11 milyon 596 min manat təşkil edib. Bu dövrdə bankın qeyri-faiz gəlirləri 10 milyon 280 min manata ( illik müqayisədə 46% çox), qeyri-faiz xərcləri isə 21 milyon 351 min manata ( illik müqayisədə 33% çox) bərabər olub. Beləliklə bank bu dövrdə 22 milyon 254 min manat əməliyyat mənfəəti əldə edib ki, bu da illik müqayisədə 10.5% çoxdur.
Bu ilin ilk üç ayı ərzində “Xalq Bank” kiçilib. Belə ki, cari ilin aprel 1-nə bankın aktivləri ilin əvvəli ilə müqayisədə 1.5% və ya 45 milyon manat azalaraq 3 milyard 37 milyon manata enib. Cari ilin ilk 3 ayında “Xalq Bank”ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 1,4% və ya 25.7 milyon manat azalaraq 1 milyard 801 milyon manata bərabər olub.
Bu dövrdə “Xalq Bank”ın cəmi öhdəlikləri 2 milyard 576 milyon manat təşkil edib ki, bu da ilin əvvəlinə nisbətən 0.1% və ya 2.1 milyon manat azdır.
Bankın ümumi depozit portfeli cari ilin ilk 3 ayında 0.3% və ya 5.7 milyon manat azalaraq 2 milyard 576 milyon manata enib.
2023-cü il aprel ayının 1-nə “Xalq Bank”ın cəmi kapitalı ilin əvvəli ilə müqayisədə 8.5% və ya 42 milyon 890 min manat azalaraq 461 milyon 384 min manat təşkil edib.