Tibetdə 7 bal gücündə zəlzələ: 16 nəfər ölüb, 32 nəfər yaralanıb
Çinin Tibet Muxtar Rayonunda ötən gecə baş verən 7 bal gücündə zəlzələ nəticəsində ilkin məlumata görə, 16 nəfər həyatını itirib.
AFN.az xəbər verir ki, “Sinxua” agentliyinin məlumatına əsasən, zəlzələnin episentri Tibet Muxtar Rayonunun Nakçu şəhərinin Baçin rayonu olub və hadisə nəticəsində 300-dən çox ev dağılıb.
İlkin məlumatlara görə, zəlzələ nəticəsində 16 nəfər ölüb, 32 nəfər yaralanıb.
Fəlakət bölgəsinə 300 polis əməkdaşı, eləcə də 347 yanğınsöndürən və xilasetmə işçisi göndərilib.
Yaralılardan 11-nin vəziyyəti ağır olaraq qalır, yüngül xəsarət alan 21 nəfər isə xəstəxanalarda müalicə olunub.
Axtarış-xilasetmə işlərinin davam etdiyi bölgədə ölənlərin sayının arta biləcəyindən narahatlıq ifadə olunur.
ABŞ Geoloji Xidmətinin (USGS) açıqlamasında zəlzələnin episentrinin Çinin Tibet Muxtar Rayonunun Nakçu şəhərindən 183 kilometr şimal-şərqdə olduğu və 7 bal gücündə yeraltı təkan qeydə alındığı bildirilib.
Açıqlamada zəlzələnin təxminən 10 kilometr dərinlikdə baş verdiyi qeyd olunub.
Çin Zəlzələ Şəbəkələri Mərkəzi (CENC) də zəlzələnin maqnitudasının 7 olduğunu açıqlayıb.
2025-ci ilin yanvarında Tibetin Şiqatse şəhərinə bağlı Tinri rayonunda baş verən 6,8 maqnitudalı zəlzələ nəticəsində 120 nəfər həyatını itirmişdi.

