Terrakota ordusunda qadın və uşaqların iştirakına dair izlər tapılıb
Çində təxminən 2 min 200 il əvvəl hazırlanmış Terrakota Ordusunun heykəlləri üzərində aparılan barmaq izi təhlili onların istehsalında qadınların və uşaqların da iştirak etmiş ola biləcəyini göstərib.
AFN.az xəbər verir ki, araşdırmanın nəticələri heykəllərin hazırlanmasında yalnız yetkin kişilərin çalışdığına dair əvvəlki fərziyyəni şübhə altına alır.
Eramızdan əvvəl III əsrdə ilk Çin imperatoru Çin Şi Huangın Sian yaxınlığındakı məzarını qorumaq məqsədilə hazırlanmış minlərlə insan ölçüsündə terrakota heykəli əsgərləri, atları və döyüş arabalarını təsvir edir.
Heykəllərin hazırlanmasında yalnız yetkin kişilərin işlədiyi düşünülürdü. Lakin Sian şəhərindəki Məqbərə Ərazisi Muzeyindən Syaoşi Linin rəhbərlik etdiyi tədqiqat qrupu tərəfindən aparılan yeni araşdırma bu fərziyyəni şübhə altına alır.
Tədqiqatçılar Terrakota Ordusunun 1-ci çuxurundakı T23 bölməsində yerləşən 36 heykəl üzərindəki 79 barmaq izini təhlil ediblər. İzlər heykəllərin qolları, zirehləri və başları kimi müxtəlif hissələrində müəyyən edilib.
“Journal of Cultural Heritage” jurnalında dərc olunan araşdırmada barmaq izlərindəki qabarıq xətlər arasındakı məsafələr ölçülüb. Bu ölçmələr izlərin sahiblərinin yaşlarını təxmin etməyə imkan verib.
Araşdırmada istifadə olunan modelin nəticələrinə görə, təhlil edilən barmaq izlərinin 45 faizi yetkin kişilərə, 32,7 faizi yetkin qadınlara, 22,3 faizi isə 15 yaşdan kiçik uşaqlara aid ola bilər.
Tədqiqatçılar əldə olunan nəticələrin Terrakota Ordusunun hazırlanmasında müxtəlif yaş qruplarından olan şəxslərin və hər iki cinsin nümayəndələrinin iştirak etdiyinə dair bioloji sübut təqdim etdiyini bildiriblər.
Tədqiqat qrupu nəticələrin Terrakota Ordusunun hazırlanmasında iştirak edən bütün işçi qüvvəsini əks etdirməyə biləcəyi barədə xəbərdarlıq edib. Araşdırılan T23 bölməsi 1-ci çuxurun yalnız məhdud hissəsini əhatə edir.
Alimlər müxtəlif qazıntı sahələrində aparılacaq yeni araşdırmaların heykəllərin hazırlanmasında iştirak edən şəxslərin profili və həmin dövrdə işçi qüvvəsinin təşkili barədə daha ətraflı məlumat verə biləcəyini bildiriblər.
