Kanadada zirehli dinozavrın yeni növü tapılıb - FOTOLAR


Kanadanın Britaniya Kolumbiyası əyalətinin Tumbler Rig qəsəbəsində tapılan üç barmaqlı fosil ayaq izləri paleontoloqları yeni dinozavr növünün kəşfinə gətirib çıxarıb.



Təxminən 100 milyon il əvvələ aid olan bu izlər quyruqlarının ucunda sümüklü düyün olan və bitkiləri yeyən zirehli dinozavrlar ailəsi olan ankilosaridlərə aiddir.

Mütəxəssislərin fikrincə bu izlər əvvəllər məlum olmayan bir növə işarə edir: Ruopodosaurus clava.

İzlər gənc tədqiqatçılar Mark Turner və Daniel Helmin 2000-ci ildə ərazidə ilk dinozavr ayaq izlərini tapmasından sonra məşhurlaşan Tumbler Ridge ətrafında tapılıb. Yeni ayaq izlərinin əksəriyyəti Tumbler Ridge UNESCO Qlobal Geoparkında, biri isə Albertanın qərbində aşkar edilib.

İzlər Təbaşir dövrünə aid Dunveqan və Kaskapau formasiyalarının qeyri-dəniz çöküntülərində qorunub saxlanılıb. O dövrdə indiki dağlıq bölgə kanallarla dolu delta düzənliyi olub. Bu, palçıqlı ərazidə qalan dinozavr izlərinin qorunması üçün əlverişli mühit yaradıb.

Araşdırmada iştirak edən paleontoloq Viktoriya Arbur izlərin Ruopodosaurus clava adlandırdıqları yeni növə aid olduğunu bildirib. Rəqəmsal fotoqrammetriya üsulu ilə araşdırılan izlərdə arxa ayaq (pes) izlərinin küt uclara malik olduğu və üçbucaqlı və ya U şəkilli, ön ayaq (manus) izlərinin isə beş barmaqlı və aypara şəkilli olduğu müəyyən edilib.

Arbur "Biz onun necə göründüyünü dəqiq bilmirik, lakin bu dinozavr təxminən 5-6 metr uzunluğunda, tikanlı və zirehli, sərt və ya düyünlü quyruğu malik olub" deyib.

Tədqiqatçılar qeyd edirlər ki, bu kəşf həm də Şimali Amerikada 100-84 milyon il əvvələ aid ankilosarid qalıqlarının olmaması ilə əlaqədar yaranan boşluğu doldurur. Əvvəllər bu növün o dövrdə qitədə yoxa çıxdığı düşünülürdü. Lakin Ruopodosaurus clavanın izləri bu dövrdə ankilozavrların da bölgədə yaşadığını sübut edir.

Tumbler Ridge Muzeyinin Elm Məsləhətçisi Çarlz Helm "Tədqiqat nəticəsində bu ərazidə iki fərqli ankilozavr növünün yaşadığını öyrənmək həyəcanvericidir. Ruopodozavr isə yalnız bu ərazidən təsvir edilib" deyib.

Araşdırmanın nəticələri “Journal of Vertebrate Paleontology”də dərc olunub.








AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu