9, 32, 66 və 83: Beynimiz nə vaxt yetkin rejiminə keçir?


Təxminən 4 min insanın beyin skanları ilə aparılan yeni tədqiqat göstərib ki, insan beyninin inkişafı davamlı bir proses deyil, dörd kritik dönüş nöqtəsi ilə ayrılmış beş əsas dövrdən ibarətdir. Buna görə də beynimiz 32 yaşında yetkin rejiminə keçir.

Kembric Universitetindən neyrokognitiv tədqiqatçı Prof. Dunkan Astl rəhbərliyində aparılan bu geniş araşdırma körpəlikdən yaşlılığa qədər sinir əlaqələrimizin necə dəyişdiyini xəritələyib. Tədqiqat beynin memarlığında böyük dəyişikliklərin baş verdiyi dörd kritik dönüş nöqtəsini müəyyən edib: 9, 32, 66 və 83 yaşları.

Prof. Astl deyib ki, geri baxdığımızda bir çoxumuz həyatımızın fərqli mərhələlərdən ibarət olduğunu hiss edirik. O qeyd edib ki, beyinlərin də bu mərhələlərdən keçdiyi ortaya çıxıb və məlumatın beynin həssas olduğu dövrləri müəyyən etməyə kömək edəcəyini əlavə edib.

Yetkinlik yaşına keçid 32 yaşında

Tədqiqatın müəyyən etdiyi ən uzun dövr olan yetkinlik yaşı 32 yaşında başlayır və otuz ildən çox davam edir. Ən güclü ümumi dəyişiklik məhz 32 yaş civarında müşahidə olunur. Bu yaşda beynin sinir əlaqələri yetkin rejiminə keçir. Tədqiqatçılar qeyd edirlər ki, bu dövr digər araşdırmalarda müşahidə olunan zəka və şəxsiyyət platosu ilə uyğundur.

Bundan əvvəlki dövr olan yeniyetməlik çağı isə 9 yaşından başlayıb 32 yaşa qədər davam edir. Bu dövrdə beynin kommunikasiya şəbəkələri tədricən incəlir və əlaqələrin səmərəliliyi artır, bu da idrak performansını dəstəkləyir.

Araşdırmanın rəhbəri Alexa Musli bildirir ki, 32 yaş civarında baş verən dəyişiklik əhəmiyyətli həyat hadisələri, məsələn valideynlik ilə əlaqəli ola bilər və bu nəticələr ən çox yeniyetməlik dövründə ortaya çıxan ruhi sağlamlıq pozuntularının risk faktorları barədə vacib məlumat verir.

Uşaq və yaşlılıq mərhələləri

Körpəlikdən 9 yaşına qədər davam edən uşaqlıq dövründə beynin boz və ağ maddəsi lazımsız neyron əlaqələrini (şəbəkə konsolidasiyası) aradan qaldırdıqca sürətlə böyüyür.

Son iki mərhələ qocalıqla bağlıdır: 66 yaş ətrafında başlayan erkən qocalma və 83 yaş ətrafında başlayan gec qocalma. Bu son mərhələlər beyin əlaqəsinin azalması və ağ maddənin degenerasiyası ilə əlaqələndirilir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu