Beynimiz hansı yaşda zirvəyə çatır? - Araşdırma


Yeni dərc olunmuş bir elmi araşdırma göstərir ki, insan beyninin ən yüksək funksionallığı gənclikdə deyil, 55–60 yaş arasında baş verir.

Avstraliyadakı The University of Western Australia universitetinin tədqiqatçısı Prof. Gilles E. Gignac və komandasının Intelligence jurnalında yayımlanan işinə görə, insan zehninin bütün psixoloji komponentləri qiymətləndirildikdə, ən yüksək ümumi koqnitiv performans 55–60 yaş arasında müşahidə olunur.

Alimlər məntiqi düşüncə, yaddaş, məlumat səviyyəsi və emal sürəti ilə yanaşı, şəxsiyyət xüsusiyyətləri və emosional tarazlıq kimi 16 fərqli psixoloji ölçünü araşdırıblar. Bu ölçülərə “böyük beşlik” şəxsiyyət xüsusiyyətləri (ekstroversiya, emosional sabitlik, vicdanlılıq, təcrübəyə açıqlıq və uyğunlaşma) də daxildir.

Bəzi bacarıqlar yaşla artır

Araşdırmaya görə, bəzi bacarıqlar yaşla azalır, lakin vicdanlılıq 65 yaşında, emosional tarazlıq isə 75 yaşında zirvəyə çatır. Bundan əlavə, əxlaqi düşüncə və koqnitiv qərəzlərə müqavimət göstərmək qabiliyyəti 70 yaşa qədər inkişaf etməyə davam edir.

Bütün məlumatlar birləşdirildikdə zehni funksiyaların 55–60 yaşda ən yüksək səviyyəyə çatdığı, 65 yaşdan sonra isə yavaş-yavaş azalmağa başladığı və 75 yaşdan sonra bu azalma sürətinin artdığı müəyyən edilib.

Liderlik və qərarvermə baxımından üstünlük

Tədqiqatçıların fikrincə bu nəticələr bir çox liderin, yüksək vəzifəli icraçının və siyasətçinin 50 yaşlarında ən uğurlu dövrünü yaşamasını izah edir. Prof. Giqnak “Yaşla bəzi bacarıqlar zəifləsə də, artan təcrübə, emosional tarazlıq və əxlaqi mühakimə bu itkiləri kompensasiya edir. Bu da daha balanslı qərarlar qəbul etməyə imkan yaradır” deyib.

Orta yaş geriləmə deyil, zirvə dövrüdür

Araşdırma yaşla bağlı öncədən mühakimələrin də yenidən nəzərdən keçirilməsinin vacibliyini vurğulayır. Çünki bəzi insanlarda məntiqi düşüncə və yaddaş sürətində azalma müşahidə olunsa da, digərlərində bu bacarıqlar uzun müddət qorunur.

Alimlərə görə, bu nəticələr göstərir ki, işə qəbul və karyera qiymətləndirmələrində yaş yox, fərdi bacarıqlar əsas götürülməlidir.

Prof. Giqnak araşdırmanı belə yekunlaşdırır: “Orta yaş geriləmə dövrü deyil, insan zehninin müdriklik və tarazlıq baxımından çatdığı zirvə nöqtəsidir. Cəmiyyət bu dövrü geri sayım kimi deyil, zirvə kimi görməlidir”.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu