Bunlar Alzheimerin gizli əlaməti ola bilər

Yeni bir araşdırma göstərib ki, Alzheimer xəstəliyinin ilkin mərhələləri fərdin tənəffüs tərzində və beyin fəaliyyətində pozulmalarla müəyyən edilə bilər.
Böyük Britaniya və Sloveniyadan olan elm adamları yeni araşdırmalarında Alzheimer xəstəliyini aşkar etmək üçün beynin oksigenləşməsini və tənəffüs nümunələrinin təhlili potensialını araşdırıblar.
Tədqiqat nəticələri göstərib ki, beyin-qan axını koordinasiyasının pozulması və tənəffüs sürətinin artması erkən xəbərdarlıq əlamətləri ola bilər.
Mütəxəssislər bildiriblər ki, bu tapıntılar Alzheimerin aşkarlanması üsullarını dəyişdirmək və erkən müdaxilə və müalicə üçün perspektivli bir yol təklif etmək potensialına malikdir.
Tədqiqat qrupu 19 Alzheimer xəstəsinin beyin oksigenləşməsini, ürək döyüntüsünü, beyin dalğalarını və tənəffüs səylərini Alzheimer olmayan 20 nəfərinki ilə müqayisə edib. Komanda Alzheimer xəstələrinin beyinlərinin qan damarlarında oksigen səviyyəsinin dəyişdiyini və beyin fəaliyyətinin pozulduğunu müşahidə edib. Alzheimer xəstələrinin digər şəxslərə nisbətən daha yüksək tənəffüs sürətinə sahib olduğu da müəyyən edilib.
Lancaster Universitetindən biofizik Aneta Stefanovska kəşfin inqilabi olduğunu və bunun Alzheimer xəstəliyinin tədqiqində yeni bir dövrün qapısını açdığını söyləyib. Stefanovska bu tapıntıların beyində iltihab əlamətlərini əks etdirə biləcəyini və belə bir aşkarlamanın müalicəyə imkan yarada biləcəyini söyləyib.
Lyublyana Universitetinin nevroloqu Bernard Meqlic bildirib ki, Alzheimer beynin damar sistemində pisləşmə nəticəsində yaranır. Meglic qeyd edib ki, bu pozulma beynin oksigen axınına və zəhərli maddələrin təmizlənməsinə təsir edərək xəstəliyin inkişafına gətirib çıxarır.