Ceyhun Bayramov Türkiyə ilə münasibətlərdən danışdı
“Azərbaycanla Türkiyə arasında münasibətlər iki dost və qardaş xalq arasında olan münasibətlərdir. Hər bir dövlətdə gedən proseslər var, hər bir cəmiyyətin özünün trayektoriyası var. Hətta belə yaxın qardaşlıq münasibətləri də onu istisna etmir ki, hansısa cəmiyyətdə, başqa ölkədə gedən proseslərə dair fərqli fikirlər irəli sürülsün”.
AFN.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov almaniyalı həmkarı Yohan David Vadefulla birgə mətbuat konfransında “DW”nin jurnalisti Roman Qonçarenkonun Azərbaycanla Türkiyə arasında son dövrlər yaşanan gərginliyə dair sualına cavabında deyib.
Onun sözlərinə görə, Azərbaycanın bununla bağlı yanaşması və mövqeyi çox aydındır. Ondan ibarətdir ki, ölkənin öz inkişaf modeli mövcuddur və ona uyğun irəliləyir: “Hesab edirik ki, iki ölkə arasında münasibətlər indi də hər zaman olduğu kimi möhkəmdir və daha da möhkəm olacaq. Bunun ən aydın cavabı bu yaxınlarda - 8 Noyabrda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanda Zəfər Gününə dair tədbirlərə qatılaraq Prezident İlham Əliyevlə birgə dünyaya verdiyi mesajlardır”.


