Çində uşaq ölümü ilə nəticələnən gen terapiyasını gizlədən alim işdən çıxarılıb
Çində eksperimental gen redaktəsi müalicəsi zamanı 6 yaşlı uşağın ölümünü gizlətdiyi müəyyən edilən nevroloq Zilong Qiu rəsmi araşdırmadan sonra vəzifəsindən azad edilib.
AFN.az xəbər verir ki, dövlət mediasının yaydığı məlumata görə, alimə beş il müddətində elmi layihələrdə iştirak etmək qadağası da qoyulub.
Nadir rast gəlinən Snijders Blok-Kampeau sindromu olan uşağa həyati təhlükə yaratmayan bu vəziyyəti aradan qaldırmaq məqsədilə eksperimental gen terapiyası tətbiq edilmişdi. Müalicə ilə əlaqəli ağırlaşmalar nəticəsində mart ayında həyatını itirən uşağın fevral ayında nüfuzlu Nature jurnalında dərc olunan tədqiqatda ümumiyyətlə xatırlanmadığı üzə çıxmışdı.
Şanxay rəsmilərinin açıqlamasına istinad edən CCTV-nin məlumatına görə, Şanxay Jiao Tonq Universitetinin nəzdindəki Sonqciyanq Tədqiqat İnstitutunun direktor müavini vəzifəsindən azad edilən Qiu tədqiqat dürüstlüyünün ciddi şəkildə pozulması səbəbindən müvafiq məlumat bazasına daxil edilib. Qiu-nun komandasından bir tədqiqatçı da vəzifəsindən uzaqlaşdırılaraq beş il müddətinə elmi fəaliyyətə buraxılmayıb. Təcrübənin keçirildiyi xəstəxana ilə əlaqəli digər şəxslərə də müxtəlif sanksiyalar tətbiq olunub.
Rəsmilərin araşdırması zamanı Qiu-nun komandasının primatlar üzərində aparılan əvvəlki sınaqlarda ortaya çıxan mümkün təhlükəsizlik problemləri barədə xəstəxanaya kifayət qədər məlumat vermədiyi müəyyən edilib. Xəstəxananın etika komitəsi yanvar ayında təsdiqlədiyi tədqiqatı uşağın ölümündən sonra dayandırıb.
Science və Retraction Watch nəşrlərinin iyul ayında dərc etdiyi birgə araşdırmada təcrübənin maliyyələşdirilməsi üçün 800 min dollardan çox vəsait ödəyən uşağın ailəsinin risklər barədə kifayət qədər məlumatlandırılmadığı bildirilib. Uşağın atası qoruyucu tədbirlərin yetərsiz olduğunu öyrəndikdən sonra prosesə münasibətlərinin köklü şəkildə dəyişdiyini deyib. O, tətbiq edilən bir çox qaydanın nə qədər qeyri-adi və təhlükəli olduğunu əvvəlcədən dərk etmədiklərini vurğulayıb.
Rəsmi sənədlərə və ailənin açıqlamalarına görə, xəstəxana milli tənzimləyici qurumların təsdiqini tələb etməyən qanunvericilik müddəasına əsasən eksperimental prosedura icazə verib. Uşağın ölümündən sonra isə yerli səhiyyə idarəsinə cüzi məbləğdə cərimə ödəyib. Bu qalmaqal 2018-ci ildə genetikası dəyişdirilmiş körpələrin dünyaya gəlməsinə görə üç il həbs cəzasına məhkum edilən biofizik He Jiankui hadisəsindən sonra Çinin biotexnologiya sahəsində ABŞ ilə rəqabət məqsədlərinə növbəti zərbə kimi qiymətləndirilir.


