Apple köhnə iPhone modellərinə görə Fransada məhkəmə qarşısına çıxacaq


ABŞ-ın texnologiya nəhəngi Apple bəzi iPhone modellərində planlı köhnəlmə tətbiq etdiyi iddiası ilə Fransada məhkəmə qarşısına çıxacaq.

AFN.az xəbər verir ki, şirkət bəzi iPhone modellərinin rəsmi servis mərkəzlərindən kənarda təmir edilməsinə mane olmaqda ittiham olunur.

Fransa mətbuatında yayılan xəbərlərə görə, Apple-a qarşı bu ittihamla məhkəmə iddiası qaldırılıb.

İşlə bağlı mənbələr məhkəmə iclasının iyunun 17-də Parisdə keçiriləcəyini açıqlayıblar.

İş çərçivəsində araşdırılan modellər arasında iPhone XS, iPhone 12, 13, 14 və 15 seriyaları, eləcə də 2022-ci ildə bazara çıxarılan iPhone SE modeli yer alır.

Şirkət təqsirli bilinərsə, 300 min avroyadək cərimələnə bilər.

Planlı köhnəlməyə qarşı mübarizə aparan Fransanın Halte à l'Obsolescence Programmée adlı ekoloji təşkilatı 2022-ci ilin dekabrında Apple barəsində hüquq-mühafizə orqanlarına şikayət etmişdi.

Təşkilat bundan əvvəl də Apple-dan şikayətçi olmuşdu. Şirkət proqram təminatı yeniləmələrinin köhnə cihazları yavaşlada biləcəyi barədə iPhone istifadəçilərini xəbərdar etməməkdə ittiham olunduğu və 2021-ci ildə açılan məhkəmə işi üzrə 25 milyon avro cərimələnmişdi.

Planlı köhnəlmə istehsalçıların xüsusilə elektron cihazların istifadə müddətini qəsdən məhdudlaşdırmaq və davamlı istehlak dövriyyəsi yaratmaq üçün tətbiq etdiyi üsuldur.

Fransada satdıqları məhsulları qəsdən köhnəldən şirkətlərin məsul şəxsləri iki ilədək həbs, 300 min avro cərimə və illik gəlirlərinin 5 faizinədək məbləğdə maliyyə sanksiyası ilə üzləşə bilərlər.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu