BMT: Suriyanın bərpası üçün 216 milyard dollar tələb olunur



BMT Baş katibinin Suriya üzrə xüsusi nümayəndəsinin müavini Klaudio Kordone ölkədə zərər görmüş fiziki aktivlərin yenidən qurulmasının 216 milyard dollar başa gələcəyini bildirib və Suriyanın iqtisadi dirçəlişi, eləcə də yenidən qurulması üçün beynəlxalq dəstəyin artırılmasının vacibliyini vurğulayıb. 

AFN.az xəbər verir ki, Kordone Yaxın Şərqdəki vəziyyət başlığı altında Suriyada baş verənləri müzakirə etmək üçün toplanan BMT Təhlükəsizlik Şurasının iclasında çıxış edib.

Suriyada Bəşər Əsəd rejiminin devrilməsinin ikinci ildönümü yaxınlaşarkən siyasi keçid, iqtisadi dirçəliş və təhlükəsizlik sahələrində mühüm addımlar atıldığını bildirən Kordone bununla belə, daha çox iş görülməsinə ehtiyac olduğunu qeyd edib.

O, sürətli iqtisadi dirçəlişin Suriyanın keçid dövründə sabitliyin təmin olunması üçün son dərəcə vacib olduğunu deyib. Kordonenin sözlərinə görə, Dünya Bankı yalnız zərər görmüş fiziki aktivlərin yenidən qurulmasının dəyərini 216 milyard dollar həcmində qiymətləndirir. O, Suriyanın davamlı beynəlxalq dəstəyə ehtiyac duyduğunu diqqətə çatdırıb.

Kordone bu dəstəyin dövlət maliyyələşməsini, inkişaf yardımlarını və özəl sektor investisiyalarını əhatə etdiyini bildirib. O, sanksiyaların yumşaldılmasının, regional və beynəlxalq əlaqələrin genişləndirilməsinin iqtisadi dirçəlişi sürətləndirə biləcəyini də vurğulayıb.

BMT rəsmisi yenidənqurma işlərinin yalnız infrastruktur yatırımlarından ibarət olmadığını qeyd edərək, yerli prioritetlərin müəyyənləşdirilməsində qadınların, vətəndaş cəmiyyəti təşkilatlarının və zərər çəkmiş icmaların söz sahibi olmasının vacibliyini vurğulayıb.

Kordone İsrailin Suriyanın suverenliyini və ərazi bütövlüyünü pozan hərbi fəaliyyətlərinin davam etdiyini bildirib. Onun sözlərinə görə, İsrail qüvvələrinin bölgədəki hərbi fəaliyyəti, müvəqqəti nəzarət məntəqələri, saxlanılmalar, artilleriya atəşləri, kənd təsərrüfatına və su infrastrukturuna vurulan zərər mülki əhali üçün ciddi nəticələr doğurur.

Kordone İsrailin oktyabrın 21-də Dəra vilayətinin qərbində yerləşən Cəmle kəndinə hücumları zamanı əlilliyi olan bir şəxsin öldürülməsini pisləyib. O, 1974-cü ildə imzalanmış Colan təpələrində Qüvvələrin Ayrılması Sazişinin pozulmasına son qoyulmasına və Suriyanın suverenliyinə tam hörmət edilməsinə dair çağırışını təkrarlayıb.

Suriyanın regional münaqişələrə cəlb edilməməli olduğunu vurğulayan Kordone ölkənin keçid prosesinə, iqtisadi dirçəlişinə və yenidən qurulmasına diqqət yetirməsinin vacibliyini qeyd edib.

BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (OCHA) fövqəladə hallar üzrə koordinator müavini Məhəmməd Yəhya isə 2024-cü ilin dekabrından bəri təxminən 4 milyon suriyalının könüllü şəkildə evlərinə qayıtdığını, buna baxmayaraq, 730 mindən çox insanın hələ də düşərgələrdə yaşadığını bildirib.

Yəhya Suriyada qış mövsümünün yaxınlaşması ilə əlaqədar təxminən 2,4 milyon insanın əlavə humanitar yardıma ehtiyac duyacağını, lakin qışa hazırlıq planının maliyyələşdirilməsinin yalnız 40 faizinin təmin olunduğunu deyib.

Qış yardımı planının ən çox risk altında olan 970 mindən artıq insana çatmağı hədəflədiyini bildirən Yəhya, təxminən 200 min məcburi köçkün və geri qayıdan şəxsin soyuqdan yetərincə qorunmayan, zədələnmiş sığınacaqlarda yaşadığını qeyd edib.

Yəhya son dövrlərdə yağan güclü yağışların və qəfil daşqınların vəziyyəti daha da ağırlaşdırdığını bildirib. Onun sözlərinə görə, yüzlərlə sığınacaq və ev su altında qalıb, bir çox mühüm körpü dağılıb, təxminən 5 min dönüm əkin sahəsi məhv olub.

Suriyaya humanitar yardım göstərilməsi üçün ümumi müraciətin də yalnız üçdə birinin maliyyələşdirildiyini bildirən Yəhya beynəlxalq ictimaiyyəti humanitar yardımların maliyyələşdirilməsini davam etdirməyə çağırıb.

Yəhya suriyalı mülki əhalinin daha çox qeyri-sabitliyə dözə bilməyəcəyini vurğulayıb.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu