Qətər və Səudiyyə Ərəbistanından Suriyaya milyonlarla dollar dəstək


Dünya Bankı Suriyaya maliyyə dəstəyini bərpa etdi



Qətər və Səudiyyə Ərəbistanı Suriyanın 15,5 milyon dollarlıq borcunu ödədikdən sonra, Dünya Bankı bu ölkəyə yardım proqramlarını bərpa edib.



AFN.az xəbər verir ki, bu barədə Dünya Bankının mətbuat xidmətinin yaydığı açıqlamada bildirilir.



"Suriya Ərəb Respublikasının təxminən 15,5 milyon ABŞ dolları məbləğində borcu silinib. Ödəniş Qətər və Səudiyyə Ərəbistanı tərəfindən həyata keçirilib. Bu səbəbdən ölkə yenidən bank əməliyyatlarına qatılmaq hüququ əldə edib", - deyə sənəddə qeyd olunub.



İlk yardım proqramı əhalinin elektrik enerjisinə çıxışını təmin etməyə yönələcək. Eyni zamanda bank təcili ehtiyacların qarşılanması və uzunmüddətli inkişaf üçün investisiyaların artırılmasını planlaşdırır.



Xatırladaq ki, bu ilin aprel ayında Qətər Dövləti və Səudiyyə Ərəbistanı Krallığı Suriyanın Dünya Bankına olan təxminən 15,5 milyon dollarlıq borcunun ödənilməsini öz üzərlərinə götürüblər. Bu addım, Suriyanın beynəlxalq maliyyə qurumları ilə əməkdaşlığının yenidən bərpasına şərait yaradıb. Mayın 8-də Suriyanın keçid hökumətinin maliyyə naziri Məhəmməd Yasir Barnie bildirib ki, Qətər yaxın üç ay ərzində ölkənin əməkhaqqı fondunu dəstəkləmək məqsədilə Suriyaya hər ay 29 milyon ABŞ dolları ayıracaq. Nazir həmçinin qeyd edib ki, bu yardım proqramının müddətinin uzadılması da gündəmdədir və vəziyyətə uyğun olaraq davam etdirilə bilər.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu