Natiq Cəfərli: Azərbaycanda idarəetmə fəlsəfəsi dəyişməsə, investorlar gəlmək istəməyəcək
İqtisadçı ekspert Natiq Cəfərli Milli Məclisdə 2027-ci ilin dövlət büdcəsinin müzakirələri zamanı deputat Zahid Orucun xarici investisiyaların cəlb edilməsi ilə bağlı təklifini şərh edib.
AFN.az xəbər verir ki, ekspert sosial şəbəkə hesabında paylaşdığı statusda dünyanın 100 ən iri korporasiyasının Azərbaycanda daimi təmsil olunmasını təmin etmək üçün hökumətin xüsusi fəaliyyət proqramı hazırlaması təklifinə münasibət bildirib.
Natiq Cəfərli qeyd edib ki, Zahid Oruc çıxışında Qazaxıstan və Özbəkistanda xarici kapitalın iştirakı ilə fəaliyyət göstərən müəssisələrin sayına diqqət çəkib. Deputatın sözlərinə görə, Qazaxıstanda xarici və birgə mülkiyyət əsasında işləyən müəssisələrin sayı 65,5 mini, Özbəkistanda isə xarici kapitalın iştirakı ilə fəaliyyət göstərən müəssisələrin sayı 22 mini ötüb. O, həmçinin Daşkənddə ABŞ və Almaniyanın nüfuzlu maliyyə qurumlarının nümayəndəliklərinin fəaliyyət göstərdiyini vurğulayıb. Zahid Oruc bu göstəriciləri əsas gətirərək dünyanın 100 ən iri korporasiyasının Azərbaycanda daimi təmsil olunması üçün hökumətə xüsusi fəaliyyət proqramı hazırlamağı təklif edib.
Natiq Cəfərli isə hesab edir ki, iri beynəlxalq şirkətlərin Azərbaycana gəlməməsinin səbəbini sadəcə hökumətin belə bir proqram hazırlamamasında axtarmaq düzgün deyil. Onun fikrincə, böyük korporasiyalar fəaliyyət göstərmək istədikləri ölkələrin iqtisadi və hüquqi mühitini, investisiya imkanlarını müstəqil şəkildə araşdırır və qərarlarını bu təhlillər əsasında verirlər.
Ekspert deputatların və hökumət nümayəndələrinin investisiyaların cəlbi ilə bağlı yanaşmasını tənqid edərək bildirib ki, iri şirkətlər hökumətlərin xüsusi dəvətini və fəaliyyət proqramlarını gözləyən qurumlar deyil. Onların öz araşdırma departamentləri və tədqiqat mərkəzləri mövcuddur.
"Azərbaycanın investisiya cəlbediciliyini artırmaq üçün ilk növbədə ölkənin idarəetmə fəlsəfəsi, vergi və gömrük sistemi dəyişməli, ən əsası isə ədalətli və operativ məhkəmə sistemi qurulmalıdır" - deyə N.Cəfərli qeyd edib.
O, Qazaxıstan və Özbəkistanın bu istiqamətdə atdığı addımları da nümunə göstərib. Ekspertin sözlərinə görə, Qazaxıstanda investorlar üçün ingilis dilində fəaliyyət göstərən ixtisaslaşmış iqtisad məhkəmələri yaradılıb, Özbəkistanda isə biznes fəaliyyətinə kənar müdaxilələrə görə ciddi cəzalar nəzərdə tutulub.
Natiq Cəfərli vurğulayıb ki, Azərbaycanda da investorların marağını cəlb etmək üçün sadəcə dəvət göndərmək deyil, biznesin təhlükəsizliyini, hüquqlarının qorunmasını və proqnozlaşdırıla bilən iqtisadi mühiti təmin etmək lazımdır.



