Milli Məclisdə deputat sayı çoxalmalıdır - EKSPERT


Milli Məclisdə deputat sayı çoxalmalıdır.


AFN.az xəbər verir ki, bunu REAL sədrinin müavini Natiq Cəfərli bildirib. Onun sözlərinə görə, bunu seçici sayı da labüd edir: "Seçici sayı son 28 ildə artıb. 125 sayı 1995-ci il Konstitusiyasında təsbit edilib, o vaxt əhali sayı cəmi 7,5 mln. nəfər idi, indi isə 10 mln. nəfəri keçib. Tam proporsional seçki sisteminə keçilməli, fraksiya yaratmaq üçün isə 10 deputat yetərli olmalıdır. Fraksiyaların Milli Məclisin idarəedilməsində iştirakçılığı yüksəlməli, hökumət üzvlərini sorğulamaq hüquqları artırılmalıdır".

N.Cəfərli fikirlərini qüvvətləndirmək üçün qardaş Türkiyə təcrübəsindən misal gətirərək bildirib ki, 600 nəfər üzvü olan Türkiyə Parlamentində fraksiya yaratmaq üçün cəmi 20 deputat kifayət edir. "125 deputatlıq Azərbaycanın Milli Məclisində isə fraksiya yaratmaq üçün 25 deputat tələb olunur" - deyə ekspert əlavə edib.

"Siyasi partiya olaraq bir tək YAP-ın Milli Məclisdə 69 deputatı var. Yəni, fraksiya yarada bilərlər, amma yaratmayıblar. Çünki YAP hakimiyyət partiyası deyil, hakimiyyətdə təmsilçiləri olan partiyadır – hakimiyyət partiyası olsaydılar fraksiyaları, qanunvericilik təşəbbüsləri olardı, qanun yazıb müzakirəyə çıxarardılar, hökumət üzvlərini, nazirləri fraksiya toplantılarına dəvət edib sorğulayardılar" - N.Cəfərli qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu