Natiq Cəfərli: "Temu"ya cərimənin yükünü vətəndaş ödəyəcək


İqtisadçı Natiq Cəfərli hökumətin Çinin məşhur elektron ticarət platforması "Temu" ilə bağlı mövqeyini tənqid edib. Onun fikrincə, platformanın məhsulları ucuz satması "dumping" kimi qiymətləndirilə bilməz və bu istiqamətdə araşdırma aparılması ciddi suallar doğurur.

Ekspert qeyd edib ki, dünya praktikasında "dumping" anlayışı mövcuddur və bu, əsasən istehsalçı şirkətlərin bazarda dominant mövqe əldə etmək məqsədilə məhsullarını uzun müddət maya dəyərindən aşağı qiymətə satması ilə xarakterizə olunur.

"Dünyada "dumping" anlayışı var. Hansısa istehsalçı bazara nəzarəti artırmaq istəyəndə istehsal etdiyi məhsulun qiymətini aşağı salır, müəyyən müddət buna dözür. Daha zəif rəqiblər həmin qiymətlə məhsul sata bilmədiyi üçün bazardan çıxır. Daha sonra isə "dumping" edən böyük şirkət bazarın böyük hissəsini ələ keçirərək qiymətləri artırır və əvvəlki itkilərini artıqlaması ilə geri qaytarır", – deyə N.Cəfərli bildirib.

İqtisadçının sözlərinə görə, bu mexanizmi "Temu"nun fəaliyyətinə aid etmək doğru yanaşma deyil. "Temu" istehsalçı deyil. Bu, Çin mənşəli beynəlxalq onlayn alış-veriş və elektron ticarət platformasıdır. Şirkət birbaşa istehsalçılarla işləyir, milyonlarla müxtəlif məhsulu istehlakçılara təqdim edir. Qiymətləri istehsalçılar müəyyənləşdirir, "Temu" isə sifariş və çatdırılma prosesində iştirak edir. Buna görə də onun "dumping" etmək imkanları məhduddur", – deyə ekspert vurğulayıb.

N.Cəfərli hesab edir ki, platformanın fəaliyyətinə dövlət nəzarəti zəruridir, lakin bu nəzarət fərqli istiqamətdə həyata keçirilməlidir: "İstehlakçıların hüquqlarını dövlət mütləq qorumalıdır. Əgər sifariş olunan məhsulların keyfiyyətsiz çıxması, xarab gəlməsi və ya reklam ediləndən fərqli olması ilə bağlı şikayətlər varsa, bunlar araşdırılmalı, istehlakçıların hüquqları təmin edilməlidir". O, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin məhz "dumping" iddiasını əsas gətirməsini isə anlaşılmaz hesab edir. Ekspertin fikrincə, bu məsələdə ilk növbədə belə bir araşdırmanın hansı əsasla başladığı aydınlaşdırılmalıdır. "Kim bu məsələ ilə bağlı şikayət edib? Hansı rəqib müraciət edib? Alan razıdır, satan razıdırsa, istehlakçılardan da kütləvi şikayət yoxdursa, niyə məhz "dumping" məsələsi ön plana çıxarılıb?" – deyə iqtisadçı sual edib.

Ekspert hesab edir ki, platformaya tətbiq oluna biləcək hər hansı iri məbləğli cərimənin yükü nəticə etibarilə istehlakçıların üzərinə düşəcək. "Tutaq ki, "Temu" cərimələndi. O zaman çatdırılma xərclərini artıracaq və həmin cəriməni nəticədə biz – vətəndaşlar ödəyəcəyik. İllərdir hökumətə izah etməyə çalışırıq ki, istənilən cərimənin, verginin və ya rüsumun son ödəyicisi vətəndaşdır. Biznes bu xərcləri öz cibindən ödəmir. Cərimələr artdıqca qiymətlər yüksəlir və nəticədə daha çox vəsaiti istehlakçı ödəyir", – deyə N.Cəfərli bildirib. Qeyd edək ki, son günlər Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin "Temu" platformasının fəaliyyətini araşdırdığına dair məlumatlar ictimai müzakirələrə səbəb olub. İqtisadçının fikirləri də məhz bu müzakirələr fonunda səsləndirilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu