İqtisadiyyat Nazirliyinin "Trendyol"la bağlı açıqlaması ETİRAZLARA SƏBƏB OLDU


İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin məşhur alış-veriş platforması olan "Trendyol"la bağlı açıqlaması etirazlara səbəb olub.


AFN.az xatırladır ki, qurumun vəzifəlisi Cavid Süleymanov Türkiyənin Trendyol platformasının Azərbaycanda haqsız rəqabət mühiti yaratdığını və ona qarşı tədbirlər görülə biləcəyini açıqlayıb. Bundan sonra istər ekspertlər, istərsə də vətəndaşlar sosial şəbəkələrdə öz narazılıqlarını bildiriblər. Bu platformadan alış-veriş etməklə büdcələrinə xeyli qənaət edə bildiklərini deyən sosial şəbəkə istifadəçiləri "bazarın bağlanmasını" haqsızlıq sayırlar. Ekspertlər isə bildirirlər ki, bu proses ölkədə kimlərinsə marağına toxunduğu üçün belə situasiya yaranıb.

İnformasiya texnologiyaları üzrə mütəxəssis Osman Gündüzün sözlərinə görə, Mikayıl Cabbarov iqtisadiyyat naziri təyin edilən zaman Prezident ölkədə xüsusilə inhisarçılıq və haqsız rəqabət sahəsində ciddi qayda -qanun yaratmağın vacibliyini bildirib: "İndi belə görünür ki, nazirliyin qurumu "haqsız rəqabətçini" tapıb.
Xatırladıram ki, son illər Azərbaycanda yüzlərlə karqo (daşıma) şirkətləri yaranıb. Hazırda təxminən 200-dək belə şirkətlər var. Azərbaycan vətəndaşları e-ticarət yolu ilə bu karqolarla xaricdən, Çindən, Avropadan və ABŞ-dan, Türkiyədən, o cümlədən bu ölkənin Trendyol platformasından şəxsi məqsədlər üçün müxtəlif mallar alırlar. Maraqlıdır ki, vətəndaşlarımızın bu formada aldığı mallar yerli bazardan 2-3 dəfə ucuz başa gəlir. Görünür, bu sahədə yaranmış situasiya kimlərisə narahat edib". O.Gündüzün fikrincə, hökumət hələlik "kəşfiyyat" aparır: "Haqsız rəqabətçi Trendyol" ilə bağlı bir rəsmi mövqe yoxdur. Yalnız Antiinhisar Dövlət Xidmətinin bir nümayəndəsi bir tədbirdə sözü gedən fikri səsləndirib. Ümid edək, hökumət, İqtisadiyyat Nazirliyi, yaxud elə Antiinhisar qurum cəmiyyəti narahat edən bu məsələ ilə bağlı rəsmi bir açıqlama verəcəklər.
O.Gündüz vurğulayıb ki, Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin yeni rəhbərliyi ilk dövrlərdə antiinhisar sektorunda müəyyən irəliləyişlər edib: "Biz də dəstək verirdik bu quruma. Ümid edirdik ki, bu Xidmət 17 il Rəqabət Məcəlləsinin qəbuluna mane olanlarla vuruşa biləcək. İlk dövrlərdə qurum bəzi tenderləri ləğv etdirə bildi, bir neçə ciddi antiinhisar qərar oldu. İnhisarçılar bu qurumu saya almağa başlamışdılar. Vətəndaş Cəmiyyəti ilə əlaqələr güclənmişdi. Amma son bir ildə proses xeyli zəiflədi. Real inhisarçılıq faktlarına, açıq-aşkar qanunsuz tenderlərə qarşı qurumun yanaşmaları ağlabatan olmadı. Elə son vaxtlardakı tədbirləri də göstərdi ki, güman ki, deyəcək bir şeyləri də olmadığından vətəndaş cəmiyyəti ilə əlaqələri kəsiblər".
Məsələyə iqtisadçı ekspert Natiq Cəfərli də münasibət bildirib. Sözügedən açıqlamanın müəllifi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Xidmətinin nümayəndəsi Cavid Süleymanovun işdən qovulmalı olduğunu deyən N.Cəfərli fikrini belə əsaslandırıb: "Çünki onun açıqlaması sübut edir ki, nə işlədiyi orqandan, nə onun səlahiyyətlərindən, nə də ən vacibi məntiqdən xəbəri var. Antiinhisar fəaliyyəti haqqında qanunda deyilir ki, bazarda hökmran mövqedə olan şirkətlərlə məşğul olmalıdırlar. Bazarda payı 35 faizdən və ya qanunvericiliklə müəyyən olunmuş digər həddən çox olan təsərrüfat subyekti hökmran mövqe tutan hesab olunur. Cavid Süleymanov ilk öz işlədiyi orqan haqqında qanunu oxuyub-öyrənməlidir - "Trendyol" bazarda hökmran mövqe tutan şirkət deyil, klassik anlamda pərakəndə satışla məşğul olan şirkət də deyil – yəni, Antiinhisar qurumunun bu işlə əlaqəsi yoxdur! Hə, işsizlikdən əziyyət çəkirlərsə getsinlər, məsələn, dərman bazarını yoxlasınlar, bu bazarda satış həcminin 50%-nə yaxınına nəzarət edən şirkətlər var.
Cavid Süleymanov daha sonra deyir: “Azərbaycan bazarındakı pərakəndəçi, "Trendyol"dakı qiymətlə rəqabət apara bilmir. Bu vəziyyətdə bir rəqabət orqanı olaraq bizim, ölkədə yerləşən pərakəndə satış məntəqəsini qorumaq öhdəliyimiz var". Dünyadan bixəbər məmur anlamır ki, onun işi vətəndaşın maraqlarını qorumaqdır, yəni, onlar sevinməlidirlər ki, rəqabət var, online satışla ənənəvi satışın rəqabətindən udan vətəndaşlar var, amma yox, bu məmur rəqabətli mühitdə maraqlı deyil, əksinə rəqabəti baltalamaqda maraqlıdır, deməli, vətəndaşın marağını deyil, ölkədə Mall-ların sahiblərinin, onların fantastik icarə haqqlarının, məmurlara bağlı iri yerli satış təmsilçilərinin maraqlarını qorumağa çalışır".
N.Cəfərlinin toxunduğu başqa bir məsələ isə odur ki, onlayn ticarət dünyada 20 ildir sürətlə inkişaf edir: "Bu, tək mal satmaq deyil, həm də infrastrukturdur, yeni iş yerləridir, İT sektorunun inkişafı, yeni bilikli kadrlar deməkdir. Hökumət isə belə düşünə bilmir, çünki “sovetləşmiş” məntiqlə yanaşırlar, yaşları cavan olanlar da belədir, çünki “sovetləşmə” yaş məsələsi deyil, baş məsələsidir".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu