Rubio: Ukrayna sülh razılaşması güzəştlər tələb edəcək

Ukraynada münaqişəyə son qoymaq üçün istənilən razılaşma hər iki tərəfin güzəştə getməsini tələb edəcək və belə bir nəticə hətta ədalətsiz də ola bilər.
AFN.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio "Fox News"a verdiyi müsahibədə deyib. Onun sözlərinə görə, müharibəyə son qoymaq üçün hər hansı danışıqlar hər iki tərəfin verməsini və almasını tələb edəcək. "Əslində burada heç bir tərəf 100 faiz əldə etməyəcək. Hər tərəf müəyyən güzəştə getməli olacaq", - deyə dövlət katibi bildirib.
O qeyd edib ki, ərazi məsələləri istər-istəməz bu söhbətin tərkib hissəsi olacaq: "Bu, asan deyil və hətta ədalətli olmaya bilər, amma müharibəni bitirmək üçün lazımdır. Bu münaqişədə heç bir tərəf qeyd-şərtsiz təslim olmayacaq".
Rubio vurğulayıb ki, bu xətlərin necə görünəcəyi ilə bağlı yekun qərar Rusiya prezidenti Vladimir Putin və Ukrayna tərəfinin üzərinə düşür. "Biz bunu asanlaşdırmaq və mümkün etmək üçün orada olacağıq", - deyə o əlavə edib.