NATO-da Ukraynanın təhlükəsizlik təminatları müzakirə olunub


NATO-nun Brüsseldəki mənzil-qərargahında Ukraynanın təhlükəsizlik təminatları və Avropanın gələcək təhlükəsizlik sistemi ilə bağlı çoxtərəfli məsləhətləşmələr aparılıb.

AFN.az “Rapporteur” portalına istinadən xəbər verir ki, görüşdə Avropa Komissiyası, ABŞ, Almaniya, Fransa, Böyük Britaniya və Ukraynanın nümayəndələri iştirak ediblər.

Portal müzakirələrin təfərrüatlarını açıqlamasa da, əsas diqqətin Ukrayna üçün nəzərdə tutulan təhlükəsizlik təminatlarına və Avropada gələcək təhlükəsizlik arxitekturasının formalaşdırılmasına yönəldiyini bildirib.

Bununla yanaşı, NATO-da Ukrayna–NATO Şurasının səfirlər səviyyəsində növbədənkənar iclası da keçirilib.

Ukrayna nümayəndəsi Rustem Umerov X sosial şəbəkəsindəki paylaşımında Kiyevin mövqeyini bir daha ifadə edərək, təhlükəsizlik təminatlarının formal siyasi bəyanatlarla məhdudlaşmamalı, real işlək mexanizmə çevrilməli olduğunu vurğulayıb.

Brüsseldəki görüş məsləhətləşmələrin ikinci mərhələsi olub. İlk görüş noyabrın 4-də Avropa Komissiyasında keçirilib və Ukraynanın müharibədən sonrakı bərpası məsələlərinə həsr olunub. Həmin müzakirələrdə Dünya Bankı və Amerikanın investisiya fondu “BlackRock” da iştirak edib. Lakin ilk görüş konkret praktiki nəticə verməyib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu