ABŞ demokratları Tramp və Maskla bağlı araşdırmalara hazırlaşır


ABŞ demokratları Donald Trampın fəaliyyətini araşdırmaq üçün genişmiqyaslı yoxlamalara hazırlaşır.

AFN.az Reuters agentliyinə istinadən xəbər verir ki, araşdırmaların Trampın ailə üzvlərini, İlon Maskı, eləcə də Ağ Ev administrasiyasının əməkdaşlarını əhatə edəcəyi gözlənilir.

Agentliyin Konqres üzvləri, hüquqşünaslar və siyasi məsləhətçilərlə apardığı söhbətlərə əsasən, demokratlar dərhal impiçment təşəbbüsü ilə çıxış etməkdənsə, araşdırmalar aparmaq və mümkün qanun pozuntuları ilə bağlı sübutlar toplamaq qərarına gəliblər.

Araşdırmaların Trampın oğullarını, “SpaceX” şirkətinin rəhbəri İlon Maskı, respublikaçı donorları və dövlət podratçılarını da əhatə edə biləcəyi bildirilir.

ABŞ Konqresinin fəaliyyətinə nəzarət sahəsində ixtisaslaşmış “Arnold & Porter” hüquq şirkətinin mütəxəssisi Reyçel Kotton Reuters-ə açıqlamasında həm prezident administrasiyasına, həm də özəl sektora qarşı genişmiqyaslı araşdırmaların aparılacağını gözlədiyini bildirib.

Qeyd edək ki, noyabrın 3-də keçirilən aralıq seçkilərin nəticələrinə əsasən, demokratlar Konqresin hər iki palatasında – Senatda və Nümayəndələr Palatasında çoxluğu əldə ediblər. Bu, onlara Tramp administrasiyasının fəaliyyəti ilə bağlı araşdırmalar aparmaq, sənədlər tələb etmək və dinləmələr keçirmək üçün daha geniş imkanlar yaradacaq.

Demokratların araşdırmalar vasitəsilə Tramp administrasiyasının fəaliyyətini və ailəsinin biznes əlaqələrini gündəmə gətirməyi, bu məsələləri 2028-ci il prezident seçkiləri ərəfəsində siyasi müzakirələrin əsas mövzularından birinə çevirməyi hədəflədiyi bildirilir.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu