Britaniya Mərkəzi Bankı uçot dərəcəsini 4 faizə yüksəldib
Britaniya Mərkəzi Bankı (BoE) bazar gözləntilərinə uyğun olaraq uçot faiz dərəcəsini 25 baza bəndi artıraraq 4 faizə çatdırıb.
AFN.az xəbər verir ki, BoE-nin açıqlamasında Pul Siyasəti Komitəsinin üzvlərindən, o cümlədən sədr Endryu Beyli olmaqla, 8 nəfərin uçot faizinin 25 baza bəndi artırılaraq 4 faizə yüksəldilməsini, bir nəfərin isə 50 baza bəndi artırılaraq 4,25 faizə çatdırılmasını dəstəklədiyi bildirilib.
Yaxın Şərqdə müharibənin doqquzuncu ayında olduğu xatırladılan açıqlamada qlobal enerji qiymətlərinin yüksək səviyyədə qalmağa davam etdiyi qeyd edilib. Enerji qiymətlərindəki artımın birbaşa təsirlərinin olduğu və bu artımın şirkətlərin və ev təsərrüfatlarının enerji xərclərinə təsir göstərməkdə davam edəcəyi vurğulanıb.
Qiymət artımlarının təsiri ilə Britaniyada illik inflyasiyanın sentyabr ayında 3,5 faizə çatdığı bildirilən açıqlamada, 2027-ci ilin ortalarında inflyasiyanın 5 faizə yüksəlməsinin gözlənildiyi qeyd olunub.
Açıqlamada BoE-nin uçot faizini 25 baza bəndi artıraraq 4 faizə yüksəltmək qərarının iki əsas qiymətləndirməyə söykəndiyi bildirilib. İnflyasiya təzyiqlərinin səviyyəsinin bankın uçot faizini artırmasını tələb edəcək həddə çatdığı vurğulanıb.
Son aylarda iqtisadi fəallıqla bağlı məlumatların ümumilikdə gözləntiləri üstələməsinin də pul siyasətinin bir qədər daha sərtləşdirilməli olduğu qənaətini dəstəklədiyi qeyd edilib. Açıqlamada faiz dərəcəsinin bundan sonrakı gedişatının inflyasiya təzyiqlərinin nə dərəcədə güclənəcəyinə dair gözləntilərin necə formalaşacağından asılı olacağı bildirilib.
İnflyasiyanın nə qədər sürətlə azalacağının qeyri-müəyyən olduğu və bunun inflyasiya təzyiqlərinin gücünə təsir edəcək müxtəlif amillərdən asılı olduğu qeyd edilən açıqlamada bildirilib: Bu amillərə enerji qiymətlərindəki artımın miqyası və müddəti, əməkhaqqı və qiymətlərin müəyyənləşdirilməsi davranışlarının buna necə reaksiya verəcəyi, eləcə də enerji qiymətlərinin yüksəlməsi və maliyyə şərtlərinin sərtləşməsi fonunda tələbin nə dərəcədə dayanıqlı qalacağı daxildir. Pul siyasətinin verəcəyi reaksiya da bu prosesdə həlledici olacaq.
BoE-nin açıqlamasında, həmçinin komitənin inflyasiya təzyiqlərinin ehtimal olunan gücündəki dəyişikliklərlə bağlı sübutları hər iclasda qiymətləndirməyə davam edəcəyi və inflyasiyanın orta müddətdə 2 faizlik hədəfə qayıtmasını təmin etmək üçün faiz dərəcəsini zərurətə uyğun tənzimləyəcəyi bildirilib.
BoE sədri Endryu Beyli qərardan sonra verdiyi açıqlamada enerji qiymətlərindəki artımın səbəb olduğu və qarşıdakı dövrdə təsirini göstərməsi gözlənilən inflyasiya təzyiqlərinin bankın faiz dərəcəsini artırmasını tələb edəcək səviyyəyə çatdığını bildirib.
O qeyd edib ki, bugünkü faiz artımı qaçılmaz olaraq uzunmüddətli faiz artımı prosesinin ilk addımı kimi qiymətləndirilməməlidir. Bununla belə, Yaxın Şərqdəki münaqişə başa çatmadığı müddətdə bunun son faiz artımı olması da o qədər ehtimal olunan görünmür. Pul Siyasəti Komitəsi hər iclasda iqtisadi vəziyyəti qiymətləndirəcək və inflyasiyanın davamlı şəkildə 2 faizlik hədəfə qayıtmasını təmin etmək üçün zərurət yarandıqda müvafiq addımlar atacaq.
