Volker Türk hesabatlılığı təmin edən qurumların müdafiəsinə çağırıb



Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) beynəlxalq insan hüquqları sisteminin ayrılmaz hissəsi olduğunu bildirərək, hesabatlılığı mümkün edən qurumların müdafiə olunmasının vacibliyini vurğulayıb.

AFN.az xəbər verir ki, BCM-dən verilən yazılı açıqlamaya görə, Roma Statutuna üzv dövlətlərin Assambleyası tərəfindən Haaqada yerləşən məhkəmədə “Gələcək nəsillər üçün beynəlxalq cinayət ədaləti” adlı tədbir təşkil olunub.

Məhkəmə, üzv dövlətlər və vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələrinin iştirak etdiyi tədbirdə hesabatlılıq, kompensasiya, tarixi yaddaşın qorunması və gələcəkdə baş verə biləcək vəhşiliklərin qarşısının alınmasının əhəmiyyəti müzakirə edilib.

Tədbirin açılış nitqi ilə çıxış edən Türk cinayətlərin uzunmüddətli zərərlərinə, nəsillərarası ədalətin əhəmiyyətinə və gələcəkdə insan hüquqlarının təmin olunması vasitəsi kimi hesabatlılığa diqqət çəkib.

Türk bildirib ki, hesabatlılıq indiki və gələcək nəsilləri qoruyacaqsa, bunu mümkün edən qurumları müdafiə etməliyik.

Volker Türk BCM-nin BMT-yə üzv dövlətlərin böyük əksəriyyətinin dəstəklədiyi beynəlxalq insan hüquqları sisteminin ayrılmaz hissəsi olduğunu da qeyd edib.

BCM-ə üzv dövlətlər Assambleyasının sədri, səfir Päivi Kaukoranta tədbirlə bağlı açıqlamasında beynəlxalq cinayət ədalətinin yalnız keçmişdə törədilmiş ən ağır cinayətlərlə məşğul olmaqdan ibarət olmadığını, eyni zamanda gələcək nəsillərə ötürmək istədiyimiz gələcəyin formalaşdırılması ilə də bağlı olduğunu bildirib.

ABŞ administrasiyası oktyabrın 9-da BCM-ni qurum olaraq sanksiyalar siyahısına daxil etdiyini açıqlamışdı. Qüvvəyə minməsi üçün altı aylıq müddət nəzərdə tutulan sanksiyalar məhkəmə ilə əməliyyatların aparılmasını qadağan edir.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu