Şimali Koreya ABŞ-la danışıqlardan imtina edir


Şimali Koreya ABŞ-ın hazırkı siyasəti dəyişməyəcəyi təqdirdə Vaşinqtonla dialoqa başlamağı zəruri hesab etmir.

AFN.az xəbər verir ki, bu barədə Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin şöbə müdiri Kim Yo Çjonun bəyanatında bildirilib. Bəyanat Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) tərəfindən yayımlanıb.

Kim Yo Çjonun sözlərinə görə, ABŞ düşmənçilik siyasətindən əl çəkmədiyi, Şimali Koreyanın suverenliyinə hörmət etmədiyi müddətdə danışıqların aparılması üçün əsas yoxdur.

O bildirib ki, Vaşinqton bir tərəfdən dialoq və sülhdən danışır, digər tərəfdən hərbi təlimlərə üstünlük verir, müttəfiqləri ilə əlaqələrini gücləndirir və qarşıdurma siyasətini davam etdirir.

Koreya Əmək Partiyasının nümayəndəsi ABŞ-ın kriptovalyuta birjası Binance-ə qarşı kiberhücumda Şimali Koreyanın əli olması ilə bağlı ittihamlarını da Vaşinqtonun düşmənçilik siyasətinin təzahürü kimi qiymətləndirib. O, həmçinin KXDR-in nüvəsizləşdirilməsi çağırışlarını, birgə hərbi təlimləri, sanksiyaları və insan alveri ilə bağlı hesabatın dərcini bu siyasətin digər nümunələri sırasında sadalayıb.

Kim Yo Çjon qeyd edib ki, dialoq sülhün təmin olunması vasitələrindən biri olsa da, bu, heç də həmişə Şimali Koreyanın milli maraqlarına uyğun gəlmir.

O, mövcud problemlərin həlli üçün ABŞ-ın qarşıdurma siyasətindən imtinasını əsas şərt adlandırıb və Vaşinqtonun təxribatlarının davam edəcəyi təqdirdə Pxenyanın müvafiq cavab tədbirləri görəcəyini bildirib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu