Titanikdən böyük tarixi gəmi Florida sahillərində batırılacaq
ABŞ-ın simvolik okean gəmisi SS United States dünyanın ən böyük süni rifini yaratmaq məqsədilə Meksika körfəzində batırılmağa hazırlanır.
AFN.az xəbər verir ki, Floridanın Okaluza dairəsinin rəsmiləri tarixi SS United States okean gəmisinin noyabr ayının ikinci həftəsində Meksika körfəzində batırılması planını açıqlayıblar.
Əməliyyat Destindən təxminən 41 kilometr cənub-qərbdə və Pensakoladan 59 kilometr cənub-şərqdə müəyyən edilmiş nöqtədə həyata keçiriləcək. Bununla dünyanın ən böyük süni rifinin yaradılması hədəflənir. Gəminin batırılma qrafikinin dəniz şəraitindən asılı olaraq dəyişə biləcəyi bildirilib.
Təxminən 305 metr uzunluğa malik gəmi RMS Titanikdən təxminən 30 metr daha uzun olması ilə seçilir. Ötən əsrin ortalarında mühəndislik nailiyyəti kimi inşa edilən və zərurət yarandıqda hərbi birliklərin daşınması üçün nəzərdə tutulan gəmi 1952-ci ildə ilk səfəri zamanı Atlantik okeanını keçmə rekordunu qırmışdı.
Saatda orta hesabla 66 kilometr sürətə çataraq transatlantik keçidini 3 gün 10 saat 40 dəqiqəyə tamamlayan gəmi bu rekordu bu gün də qoruyub saxlayır.
Filadelfiyada Delaver çayının sahilində təxminən 30 il lövbərdə qalan gəminin bərpası ilə bağlı layihələr yüksək xərclər səbəbindən həyata keçirilə bilməyib.
İcarə və liman ərazisindən istifadə haqları ilə bağlı hüquqi proseslərdən sonra limandan çıxarılan gəmi mart ayında Alabama ştatındakı Mobil limanına yedəklənib.
Burada aparılan işlər çərçivəsində gəmi sualtı canlılara zərər verməmək məqsədilə təhlükəli kimyəvi maddələrdən, kabellərdən, şüşə və plastik hissələrdən təmizlənib.
Gəminin satın alınması, daşınması, təmizlənməsi və batırılması, eləcə də quruda yaradılacaq muzey üçün ayrılan 1 milyon dollar daxil olmaqla, layihə ümumilikdə 10,1 milyon dollarlıq büdcə ilə həyata keçirilir.
Pensakola turizm rəsmilərinin 1,5 milyon dollar, Florida Sahillərinin Mühafizəsi Assosiasiyasının isə 500 min dollar töhfə verdiyi layihə çərçivəsində gəmi təxminən 55 metr dərinlikdə dəniz dibinə yerləşdiriləcək.
Üst göyərtələri su səthindən təxminən 18 metr aşağıda qalacaq nəhəng gəmi həm həvəskar, həm də peşəkar dalğıclar və balıqçılar üçün yeni cazibə mərkəzi yaradacaq.
Yerli rəsmilər və sahibkarlar layihənin region turizminə hər il milyonlarla dollar töhfə verəcəyini və dəniz ekosistemini dəstəkləyəcəyini gözləyirlər.

