Polşa HDQ-nin yeganə sualtı gəmisi təmirdən sonra yenidən sıradan çıxıb
Polşa Hərbi Dəniz Qüvvələrinin yeganə sualtı gəmisi "Orze" təmirdən sonra yenidən sıradan çıxıb.
AFN.az xəbər verir ki, bu barədə yerli Interia.pl məlumat yayıb.
Xəbərə görə, gəmiyə çıxış zamanı səthdə hərəkət zamanı nasazlıq baş verib və bu, onun rahat hərəkət etməsinə imkan verməyib. Sualtı gəmi dərhal limana qayıdıb. Polşa Hərbi Dəniz Qüvvələrinin kapitanı Damian Psibış bu barədə portala açıqlama verib.
"Orze" 1986-cı ildə SSRİ-də inşa olunub və dərhal Polşa Hərbi Dəniz Qüvvələrinə təhvil verilib. Son təmir 2024-cü ildə həyata keçirilib. Hazırkı nasazlığın xarakteri açıqlanmasa da, gəminin Gdynya hərbi dəniz sexlərində – PGZ müdafiə konserni tərkibində – təmir ediləcəyi bildirilir.
Interia.pl qeyd edir ki, texniki problemlər səbəbindən köhnəlmiş sualtı gəmi öz ekipajı üçün potensial düşməndən daha böyük təhlükə yaradır.
Polşada Orka proqramı çərçivəsində yeni sualtı gəmilərin alınması ilə bağlı qərar qəbul ediləcəyi gözlənilir. Polşaya İtaliya, İsveç, Almaniya, İspaniya, Fransa və Cənubi Koreya sualtı gəmilər təklif edir.




