Avropa ölkələri Ukraynaya mümkün sülh missiyası üçün hərbi təlim keçirəcək
Böyük Britaniya və Fransa mümkün sülh sazişindən sonra çoxmillətli qüvvələrin Ukraynada yerləşdirilməsi imkanlarını yoxlamaq məqsədilə hərbi təlimə rəhbərlik edir.
AFN.az xəbər verir ki, 12 Avropa ölkəsindən təxminən 3 min hərbi qulluqçu bu ay qonşu Polşada keçiriləcək təlimdə iştirak edəcək.
Ukrayna üçün dəstək qüvvəsinin yaradılması planı ötən il Avropa ölkələrinin təklif etdiyi uzunmüddətli təhlükəsizlik təminatlarının bir hissəsi kimi irəli sürülüb.
Qərb rəsmiləri Ukraynada fəaliyyət göstərəcək hər hansı qüvvənin hücum əməliyyatlarında iştirak etməyəcəyini, sülhməramlı və ya atəşkəsə nəzarət missiyalarında yer almayacağını vurğulayıblar. Bu qüvvənin NATO komandanlığı altında və ya cəbhə xəttində fəaliyyət göstərməyəcəyi bildirilib.
Rəsmilər hərbçilərin Ukraynaya təhlükəsizlik təmin etmək və ölkənin silahlı qüvvələrinin yenidən qurulmasına kömək etmək məqsədilə yerləşdiriləcəyini qeyd ediblər. ABŞ müzakirələrə qoşulsa da, missiyaya hərbi qüvvə ilə töhfə verməyəcək.
Rusiya isə xarici hərbçilərin Ukraynada yerləşdirilməsinə qarşı olduğunu açıqlayıb. Rusiya Prezidenti Vladimir Putin ötən il verdiyi açıqlamada bu qüvvələrin legitim hədəf olacağını bildirib.
Böyük Britaniyanın müdafiə naziri Ues Stritinq təlimin Böyük Britaniya, Fransa və müttəfiqlərinin Ukraynada sülhün təmin ediləcəyi günə hazırlıqlarını gücləndirdiyini göstərdiyini bildirib.
Stritinq bunun fərziyyəyə əsaslanan plan olmadığını, döyüşlər dayandıqda Ukraynaya kömək etməyə hazır olan real qüvvə olduğunu qeyd edib.
Çoxmillətli Ukrayna Qüvvələrinin britaniyalı komandiri general-leytenant Tom Beytman da təlimin siyasi öhdəliklərin hərbi hazırlığa çevrilməsi baxımından mühüm addım olduğunu vurğulayıb.
Noyabrın 9-dan 22-dək keçiriləcək Koalicja təlimi Ukraynada yerləşdiriləcək qüvvələrin necə hərəkət etdiriləcəyini, qorunacağını və təchiz ediləcəyini sınaqdan keçirəcək.
Quru, dəniz və hava qüvvələrindən ibarət təlimdə 2 800 hərbi qulluqçu iştirak edəcək. Böyük Britaniya təlimə 300 hərbçi və iki RAF Typhoon qırıcı təyyarəsi ilə qatılacaq.
