NATO-nun illik nüvə qarşısının alınması təlimi başlayıb
NATO hər il oktyabrda keçirilən "Steadfast Noon" adlı nüvə qarşısının alınması təliminə başlayıb. Qurumun məlumatına görə, bu ilki təlimə Hollandiya ev sahibliyi edir. Əsas fəaliyyət mərkəzi Volkel Hava Bazası olsa da, Belçikadakı Kleine-Brogel və Böyük Britaniyadakı Royal Air Force Lakenheath bazaları da dəstək rolunda iştirak edir.
Təlimdə 14 müttəfiq ölkədən təxminən 70 təyyarə yer alır. Onların arasında müşahidə, havadan yanacaq doldurma və komanda-idarəetmə missiyalarını icra edən aviasiya vasitələri də var.
NATO-nun Müttəfiq Qüvvələr Ali Qərargahında (SHAPE) Nüvə Əməliyyatları şöbəsinin rəisi, ABŞ Hərbi Hava Qüvvələrinin polkovniki Daniel Banç bildirib ki, belə bir təlimin hazırlanması və həyata keçirilməsi bütün müttəfiqlərin birgə səylərini tələb edir.
Banç qeyd edib ki, ümumilikdə təxminən 2 min hərbi qulluqçu bu təlimin icrasına birbaşa dəstək verir.
NATO-nun Nüvə Siyasəti direktoru Cim Stouks isə təlimin əsas məqsədinin şəffaflığı təşviq etmək olduğunu vurğulayıb.

