Merz: Alyaskada Avropa və Ukraynanın əsas təhlükəsizlik maraqları qorunmalıdır

Almaniya kansleri Fridrix Merz ABŞ prezidenti Donald Tramp ilə Rusiya prezidenti Vladimir Putinin Ukrayna məsələsi üzrə 15 avqustda Alyaskada keçirəcəyi görüşlə bağlı açıqlama verərək, Alyaskada Avropa və Ukraynanın əsas təhlükəsizlik maraqlarının qorunmalı olduğunu bildirib.
Merz bu fikri Almaniyanın ev sahibliyi ilə keçirilən Ukrayna mövzusunda onlayn toplantının ardından Ukrayna prezidenti Volodimir Zelenski ilə birgə mətbuat konfransında səsləndirib.
Kansler bildirib ki, Avropalılar olaraq bu mesajı Trampa çatdırıblar. Onun sözlərinə görə, həm vəziyyətin dəyərləndirilməsində, həm də Alyaskada keçiriləcək görüşdə əldə oluna biləcək hədəf mövzusunda ortaq mövqedədirlər.
Merz onlayn toplantının səmərəli keçdiyini və ümidli olduqlarını vurğulayıb. O, Böyük Britaniya baş naziri Keir Starmer və Fransa prezidenti Emmanuel Makron ilə də müzakirələrin davam edəcəyini, Avropanın qətiyyətini açıq şəkildə ortaya qoyduqlarını bildirib.
“Əgər ABŞ prezidenti Ukraynada Avropa və Ukraynanın maraqlarını qoruyan bir sülh üçün çalışırsa, bizim tam dəstəyimizə arxalana biləcəyini bilir” – deyə Merz qeyd edib.
Merz növbəti görüşlərdə Ukraynanın da masada olması və atəşkəsin təmin edilməsinin vacibliyini açıq şəkildə ifadə etdiklərini bildirib. Onun sözlərinə görə, danışıqlarda əvvəlcə əsas elementlər müəyyənləşdirilməli, sonra ümumi çərçivə razılaşdırılmalıdır.
Kansler danışıqların Ukrayna üçün möhkəm təhlükəsizlik zəmanətləri əhatə etməli olduğunu, Ukrayna ordusunun ölkənin suverenliyini müdafiə etmək imkanını saxlamalı və uzunmüddətli perspektivdə Qərbin dəstəyinə güvənməli olduğunu vurğulayıb.
Merz 15 avqust müzakirələrinin ortaq transatlantik strategiyanın bir hissəsi olması gərəkdiyini bildirib. Bu strategiya ilə Ukraynaya güclü dəstək verilməli və Rusiyaya lazım olan təzyiq göstərilməlidir.
Merz ABŞ prezidenti Trampın bu mövqedən xəbərdar olduğunu və əsasən dəstəklədiyini bildirərək, Ukraynada sülh üçün ümid olduğunu qeyd edib.