Pxenyandan Yaponiyanın hərbi planları ilə bağlı xəbərdarlıq


Şimali Koreya Yaponiyanın hərbi xərclərini kəskin artırmaq planlarının Şimal-Şərqi Asiyada silahlanma yarışına və hərbi toqquşma riskinin yüksəlməsinə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

AFN.az Koreya Mərkəzi Teleqraf Agentliyinə (KCNA) istinadən xəbər verir ki, bu barədə KXDR Xarici İşlər Nazirliyinin nəzdindəki Yaponiya Araşdırmaları İnstitutunun elmi əməkdaşı Pak Hak Sonun məqaləsində bildirilib.

Müəllifin fikrincə, Yaponiya silahlanmanı sürətlə davam etdirərsə, qonşu ölkələrin də buna cavab addımları atması qaçılmaz olacaq. Bu isə regionda hərbi qarşıdurma ehtimalını artıracaq.

Məqalədə Tokionun 2027–2031-ci illər üçün hərbi xərcləri 70–80 trilyon yenə (təxminən 445–510 milyard dollar) çatdırmaq planı tənqid olunub. Bu məbləğ hazırkı beşillik proqramda nəzərdə tutulan 43 trilyon yendən təxminən iki dəfə çoxdur.

Bildirilib ki, əlavə vəsaitin əsasən müasir zərbə silahlarının hazırlanmasına, pilotsuz uçuş aparatlarına, süni intellekt və kosmik texnologiyaların inkişafına yönəldilməsi planlaşdırılır.

Pak Hak Son hesab edir ki, hərbi büdcənin artırılması regionda gərginliyi dərinləşdirməklə yanaşı, Yaponiya iqtisadiyyatına da əlavə yük yaradacaq. O, dövlət borcunun artması, inflyasiya və hərbi proqramların maliyyələşdirilməsi üçün vergilərin yüksəldilməsi ehtimalına diqqət çəkib.

Müəllif xəbərdarlıq edib ki, Şimal-Şərqi Asiyada baş verə biləcək hərbi münaqişənin yeni dünya müharibəsinə çevrilməyəcəyinə heç bir zəmanət yoxdur. O, Tokionu hərbi xərcləri artırmaq planından imtina etməyə çağırıb.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu