Yaponiya qoşun və sursat daşıyan pilotsuz gəmilər yaradacaq


Yaponiya Müdafiə Nazirliyi fövqəladə vəziyyət zamanı qoşun, sursat və digər yüklərin daşınması üçün pilotsuz nəqliyyat gəmilərinin hazırlanmasına başlayacaq.

AFN.az xəbər verir ki, bu barədə “Yomiuri” məlumat yayıb.

Məlumata görə, layihənin maliyyələşdirilməsi 2027-ci maliyyə ili üzrə büdcədə nəzərdə tutulacaq. İlk növbədə Tayvana yaxın ərazilərdə yerləşən uzaq Yaponiya adalarına yüklərin sürətli və nisbətən təhlükəsiz şəkildə pilotsuz çatdırılması planlaşdırılır. Tokio Tayvan ətrafını potensial münaqişə zonası kimi qiymətləndirir.

Pilotsuz gəmilərin kameralar və radar sistemləri ilə təchiz edilməsi, həmçinin peyk naviqasiyasına qoşulması nəzərdə tutulur. Hərbi məqsədlər üçün Yaponiyanın “Mitiçiki” kosmik mövqeləndirmə sistemindən də istifadə olunacağı bildirilir.

Pilotsuz nəqliyyat gəmilərinin tətbiqi Yaponiya Silahlı Qüvvələrində, xüsusilə Hərbi Dəniz Qüvvələrində kəskin hiss olunan şəxsi heyət çatışmazlığının azaldılmasına da kömək edə bilər. Bundan əlavə, mümkün münaqişə zamanı yüklərin və hərbçilərin daşınması üçün mülki gəmilərin icarəyə götürülməsinin çətinləşə biləcəyi ehtimal edilir.

Yaponiya Müdafiə Nazirliyi 2027-ci maliyyə ili üçün rekord həcmdə – 8,9 trilyon yen (hazırkı məzənnə ilə 56,7 milyard dollar) büdcə tələb etməyi planlaşdırır. Müvafiq əlavə xərclər nəzərə alındıqda ölkənin müdafiə sahəsinə ümumi xərclərinin 10,6 trilyon yeni (67,5 milyard dollar) keçəcəyi gözlənilir.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu