Yəmən ordusu Babulməndəbi nəzarətə götürdü



Yəmən ordusu İranın dəstəklədiyi Husilərə qarşı Yəmən Şəfəqi əməliyyatına başlanıldığını elan edərək strateji əhəmiyyətə malik Babulməndəbin və Təizdəki Zubab hava limanının nəzarətə götürüldüyünü bildirib.

AFN.az xəbər verir ki, Yəmən Silahlı Qüvvələrinin sözçüsü polkovnik Macid Abdullah ən-Nəzili ABŞ mərkəzli X şirkətinin sosial media platformasındakı hesabından verdiyi açıqlamada Husilərin hərbi imkanlarını və qüvvələrini hədəfə almaq məqsədilə Yəmən Şəfəqi əməliyyatının genişmiqyaslı şəkildə başladıldığını açıqlayıb.

Nəzili hökumət qüvvələrinin mühasirə manevri həyata keçirdiyini, Əmalika Qüvvələri ilə Vətən Qalxanı Qüvvələrinin Babulməndəbin nəzarətini ələ keçirməyə nail olduğunu bildirib.

Zubab hava limanının da hökumət qüvvələrinin nəzarətinə keçdiyini bildirən Nəzili qüvvələrin Zubab ilə Müha arasındakı yolu bağladığını və marşrut boyunca atəş nəzarətini təmin etdiyini qeyd edib.

Nəzili Zubab bölgəsində yüzlərlə Husi qüvvəsinin mühasirədə olduğunu və həmin şəxslərdən təhlükəsizlik qüvvələrinə təslim olmalarının tələb edildiyini bildirib. O, bəzi Husi milislərinin mühasirədən sonra qayıqlarla dəniz yolu ilə qaçdığını iddia edib.

Nəzili Yəmən Şəfəqi əməliyyatının müəyyən edilmiş hədəflərə çatılana qədər qətiyyətlə davam etdiriləcəyini vurğulayıb.

Husilərə yaxın mənbələr isə hökumət qüvvələrinin Babulməndəbin nəzarətini ələ keçirdiyi barədə açıqlamanı təsdiqləməyərək, bölgəyə nəzarətin Husilərdə olduğunu iddia ediblər.

Yəmənin qərbində yerləşən Babulməndəb və ətrafında tərəflərin nəzarətlə bağlı iddiaları davam edərkən, bölgədəki toqquşmaların da davam etdiyi bildirilir.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu