Yəməndə Taiz və Lahic cəbhələrində döyüşlər şiddətlənib
Yəməndə İranın dəstəklədiyi husilərlə hökumət qüvvələri arasında Taiz, Lahic və Babülməndəb boğazı ətrafındakı cəbhələrdə toqquşmalar şiddətlənib.
AFN.az xəbər verir ki, yerli mənbələrin məlumatına görə, bu gün Taizin Əl-Vaziyyə rayonunda, Lahicdəki Səbihə cəbhələrində, eləcə də Babülməndəb yaxınlığındakı Qahbubda döyüşlər baş verib. Husilərin bəzi bölgələrə əlavə qüvvələr göndərdiyi bildirilib.
Taizdəki hərbi mənbələr şəhərin şərqində husilərə aid olduğu iddia edilən düşərgə və istehkam bölməsinin yerləşdiyi əraziyə 5 hava zərbəsi endirildiyini bildiriblər. Həmçinin Əl-Kədha cəbhəsində husilərə məxsus silahlı pilotsuz uçuş aparatının (PUA) vurulduğu qeyd edilib.
Qahbub cəbhəsində isə Əmalikə qüvvələri tərəfindən husilərə məxsus 2 avtomobilin məhv edildiyi bildirilib. Həmin cəbhədə husilərə aid sursat yüklü yük maşınının da məhv edildiyi qeyd olunub.
Lahicin Səbihə bölgəsində husilərin bəzi mövqelərə hücum təşkil etdiyi, hökumət qüvvələrinin hücumları dəf etdiyi və toqquşmaların davam etdiyi bildirilib.
Bundan başqa, Taizin qərbində yerləşən Vaziyyədə məcburi köçkünlərin qaldığı çadıra husilər tərəfindən minaatanla endirilən zərbə nəticəsində bir qadının öldüyü, oğlunun isə yaralandığı bildirilib.
Paytaxt Sənada da səhər saatlarında müxtəlif ərazilərdə güclü partlayış səslərinin eşidildiyi və PUA-ların intensiv hərəkətinin müşahidə olunduğu bildirilib. Partlayışların xarakteri hələlik müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.
Yəməndə cəbhə xəttində son dövrlərdə artan toqquşmaların Taiz və Lahiclə yanaşı, Qırmızı dəniz sahillərinə və Babülməndəb ətrafına da yayıldığı bildirilir.
Yəmən ordusu dünən ölkənin müxtəlif bölgələrində son 3 gündə həyata keçirilən 756 hücum nəticəsində husilərdən 2316 nəfərin öldüyünü və ya yaralandığını, həmin hücumlarda 4 iranlı mütəxəssisin də öldüyünü açıqlamışdı.



