Rusiyada laboratoriya əməkdaşının şübhəli ölümü vəba ilə bağlı narahatlıq yaradıb



Sibirdə vəba araşdırmaları aparan institutda çalışan bir qadının şübhəli infeksiya nəticəsində ölümü laboratoriya qəzası və mümkün epidemiya ilə bağlı narahatlıqlara səbəb olub.

AFN.az xəbər verir ki, Rusiyanın İnsan Sağlamlığının və İstehlakçı Hüquqlarının Müdafiəsi üzrə Federal Xidməti (Rospotrebnadzor) yayılan iddiaları təkzib edib. ABŞ Dövlət Departamentinin rəsmisi isə prosesi yaxından izlədiklərini bildirərək Rusiya hakimiyyətini doğru məlumatları sürətli və açıq şəkildə ictimaiyyətlə paylaşmağa çağırıb.

Rusiyanın Sibir bölgəsində yerləşən İrkutsk Vəba ilə Mübarizə İnstitutunda laboratoriya texniki kimi çalışan qadının oktyabrın 2-nə keçən gecə şübhəli infeksiya nəticəsində həyatını itirməsi laboratoriya qəzası və epidemiya ilə bağlı narahatlıqlara səbəb olub.

Rusiya mətbuatında yayılan məlumatlara görə, 28 yaşlı institut əməkdaşı Darya Şipilovaya mənbəyi məlum olmayan pnevmoniya diaqnozu qoyulub. Tədqiqatçının vəbaya səbəb olan Yersinia pestis bakteriyasının olduğu sınmış laboratoriya sınaq şüşəsi ilə təmasda olduğu iddia edilib. Bəzi media orqanları isə gənc laboratoriya texnikinin iş səfərindən qayıtdıqdan sonra xəstələndiyini irəli sürüb. Ehtiyat tədbiri olaraq təxminən 200 nəfərin tibbi müşahidə altına alındığı bildirilib.

Rusiya İnsan Sağlamlığının və İstehlakçı Hüquqlarının Müdafiəsi üzrə Federal Xidməti Şipilovanın mənbəyi məlum olmayan pnevmoniya səbəbindən öldüyünü təsdiqləyib. Bununla yanaşı, institutda yoluxucu mikroorqanizmlərlə iş zamanı hər hansı qəzanın baş vermədiyi və son 10 gün ərzində institut əməkdaşları arasında yoluxucu xəstəlik şikayəti ilə tibb müəssisələrinə müraciət edən şəxsin olmadığı vurğulanıb.

Bundan əlavə, Şipilovadan götürülən nümunələr üzərində ətraflı araşdırmalar aparıldığı, lakin ölümə səbəb olan xəstəliyin əməkdaşın peşə fəaliyyəti ilə əlaqəli hər hansı mikroorqanizmə işarə etmədiyi bildirilib. İrkutsk bölgəsində ictimai səhiyyə vəziyyətinin stabil olduğu qeyd edilib.

İctimaiyyətə yayılan iddialar ABŞ administrasiyasının da diqqətini çəkib. ABŞ Dövlət Departamentinin rəsmisi Rusiyanın İrkutsk bölgəsində ölümlə nəticələnən şübhəli ağciyər vəbası hadisəsi ilə bağlı xəbərlərdən xəbərdar olduqlarını bildirib. Rəsmi vəziyyəti Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CDC) və digər qurumlarla əməkdaşlıq çərçivəsində yaxından izlədiklərini deyib.

Bir çox təfərrüatın hələ də dəqiqləşdirilmədiyini bildirən ABŞ rəsmisi Rusiya hakimiyyətini doğru məlumatları sürətli və açıq şəkildə ictimaiyyətlə paylaşmağa çağırıb. O, vəbanın məlum xəstəlik olduğunu və xüsusilə müalicəyə erkən başlanıldıqda geniş istifadə olunan antibiotiklərlə müalicə edilə bildiyini qeyd edib. Rəsminin sözlərinə görə, xəstəlik dünyanın bir çox yerində təbii şəkildə meydana çıxır.

Vəba Yersinia pestis adlı bakteriyanın səbəb olduğu yoluxucu xəstəlikdir. Vəbanın ən ölümcül və nadir forması olan, ağır pnevmoniyaya səbəb olan ağciyər vəbası müalicə edilmədikdə bir neçə gün ərzində ölümlə nəticələnə bilər.

Dünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, insanlar vəbaya birə dişləməsi, təmas və ya tənəffüs yolu ilə yoluxa bilərlər.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu