Saatlıda kombayn sürən Məcnun Məmmədov Salyan fermerlərini niyə dinləmək istəmədi?
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Saatlıda pambıq yığımı prosesində iştirak edib, fermerlərlə görüşüb. Nazir kombaynın sükanı arxasına keçərək pambıq yığımında da iştirak edib.
AFN.az xəbər verir ki, M.Məmmədovun Saatlı səfəri ilə bağlı yayılan görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Paylaşımlarda diqqət çəkən isə Saatlıdan çox uzaqda olmayan Salyanda günlərdir narazılıq edən pambıqçı fermerlərin də ziyarət olunmasının mümkünlüyüı ilə bağlıdır.
Qeyd edək ki, son günlər Salyan fermerləri təhvil verdikləri pambığın pulunu ala bilmədiklərindən şikayətlənirlər. Onların sözlərinə görə, məhsullarını təhvil versələr də, ödənişlər uzun müddətdir həyata keçirilməyib. Məsələnin miqyasının kifayət qədər böyük olduğu bildirilir. Artıq 176 fermerin adından Milli Məclisə və müxtəlif dövlət qurumlarına müraciət edilib.
Fermerlərin arasında böyük məbləğdə alacağı qalanların olduğu da bildirilir. Məsələn, şikayətçilərdən biri 70 hektar sahədən əldə etdiyi məhsula görə 75 min manat, digəri isə 120 min manat alacağının qaldığını bildirib. Başqa bir fermer 10 hektar sahədə yetişdirdiyi pambığın hamısını təhvil verdiyini, lakin indiyədək bir qəpik belə ala bilmədiyini deyib. Bəzi fermerlər ödənişi 11 aydır gözlədiklərini bildirirlər.
Kənd Təsərrüfatı Nazirliyi də məsələyə münasibət bildirib. Nazirliyin açıqlamasında qeyd edilir ki, pambıq istehsalçıları ilə tədarükçülər arasındakı münasibətlər müqavilələrlə tənzimlənir, tədarükçü şirkətlər nazirliyin tabeliyində deyillər.
Belə olan halda sosial şəbəkələrdə səslənən irad da anlaşılandır: nazir Saatlıda pambıq yığımında iştirak etdiyi zaman Salyana da keçərək narazı fermerlərlə görüşə, onların şikayətlərini yerində dinləyə bilməzdimi? Ən azı fermerlərin nə problem yaşadığını birbaşa özlərindən eşitmək, onlara dəstək olmaq olardı. Saatlıda pambıq yığımında iştirak etmək, fermerlərlə görüşmək necə vacibdirsə, məhsulunu təhvil verib pulunu ala bilmədiyini deyən fermerlərin dinlənilməsi də bir o qədər əhəmiyyətlidir.
Narazılıq da elə bundan ibarətdir: fermerlər məhsullarının pulunu gözləyirlər və bu məsələ ilə bağlı nazirin onları dinləməsini istəyirlər. Nazir isə hələ ki, kombayn sükanı arxasına keçərək özünüreklamla məşğuldur...




