ABŞ Baltik dənizinə dəniz piyadaları göndərəcək
ABŞ Dəniz Piyadaları Korpusu Avropada yerləşdirilən xüsusi bölməsini NATO-nun “Baltik keşikçisi” missiyasında iştirak üçün Baltik dənizi regionuna göndərəcək.
AFN.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, təxminən 50 ABŞ dəniz piyadası Finlandiyanın Sahil Briqadası ilə birlikdə dəniz akvatoriyasını müşahidə edəcək və dəniz kommunikasiyalarına nəzarət aparacaq.
Hərbçilərin kiçik pilotsuz uçuş aparatlarından və sahilyanı sensor sistemlərdən istifadə edəcəyi bildirilir. Bu vasitələrdən əldə olunan məlumatlar birbaşa NATO-nun vahid əməliyyat sisteminə ötürüləcək.
ABŞ Müdafiə Nazirliyinin məlumatına görə, missiyanın məqsədi müttəfiqlərin regiondakı vəziyyət barədə məlumatlılığını artırmaq və sahilyanı ərazilərdə hibrid təhdidlərə qarşı mübarizəni gücləndirməkdir.
Finlandiya Hərbi Dəniz Qüvvələrinin Əməliyyat İdarəsinin rəhbəri, kapitan Yohann Tillander bildirib ki, ABŞ dəniz piyadalarının texniki sistemləri vahid monitorinq sisteminə inteqrasiya ediləcək.



