Yaponiya Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır
Yaponiya hökuməti Rusiyaya qarşı yeni sanksiyalar paketinin tətbiqi imkanını nəzərdən keçirir.
AFN.az xəbər verir ki, bu barədə “Yomiuri” hökumət mənbələrinə istinadən məlumat yayıb.
Bildirilir ki, yeni məhdudiyyətlərin hədəfində Rusiyanın “kölgə donanmasına” aid gəmilər ola bilər. Həmçinin ixrac məhdudiyyətlərinin genişləndirilməsi və ixraca nəzarətin sərtləşdirilməsi variantları müzakirə olunur.
“Yomiuri” qeyd edib ki, Avropa İttifaqı ölkələrinin son dövrlərdə Rusiyaya qarşı sanksiya təzyiqini artırması Yaponiyanın da analoji addım atması ehtimalını yüksəldib.
Tokionun yeni sanksiyalarla bağlı müzakirələrində Rusiya Prezidenti Vladimir Putinin İturup adasına səfərinin də nəzərə alındığı bildirilir. Bu səfər Yaponiyada kəskin reaksiyaya səbəb olub.
Yaponiya hökuməti sonuncu dəfə Rusiyaya qarşı sanksiyaları 2025-ci il sentyabrın 12-də, əvvəlki baş nazir Şiqeru İşibanın rəhbərlik etdiyi kabinet dövründə tətbiq edib. Hazırkı Baş nazir Sanae Takaiçinin rəhbərlik etdiyi hökumət isə indiyədək Rusiyaya qarşı yeni sanksiya paketi qəbul etməyib.

