Aİ Temu-nu qanunsuz məhsulların satışına qarşı tədbirsizlikdə ittiham edir
Avropa İttifaqı (Aİ) onlayn alış-veriş platforması Temu-nu qanunsuz məhsulların satışının qarşısını almaq üçün kifayət qədər tədbir görməyərək rəqəmsal qaydaları pozmaqda ittiham edib.
AFN.az xəbər verir ki, Aİ Komissiyası platformanın qanunsuz məhsulların satışına qarşı gördüyü tədbirlərlə bağlı araşdırmanın ilkin nəticələrini açıqlayıb.
Açıqlamada bildirilib ki, Temu-nun məhsulların təhlükəsizlik tələblərinə uyğunluğunu yoxlayan nəzarət mexanizmləri, məzmunun yoxlanılması sistemi və satıcılara tətbiq etdiyi sanksiyalar yetərli deyil.
Temu-nun satıcılardan məhsulların yalnız çox kiçik bir hissəsi üçün sınaq hesabatı tələb etdiyi, təqdim olunan hesabatların isə əksər hallarda yoxlanılmadığı qeyd olunub.
Açıqlamada oyuncaqlar, elektronika və kosmetika kimi yüksək riskli məhsulların fiziki yoxlamalarda prioritet hesab edilmədiyi, seçmə üsulu ilə aparılan yoxlamaların nəticələrinin isə çox vaxt izlənilmədiyi bildirilib.
Platformada məhsul elanlarının sayı artsa da, yoxlamaların və məzmun nəzarətini həyata keçirən əməkdaşların sayının eyni səviyyədə artırılmadığı vurğulanıb. Həmçinin məzmunun yoxlanılması sisteminin məhsulların təhlükəsizliyindən daha çox elanlarda göstərilən məlumatlara diqqət yetirdiyi qeyd edilib.
Açıqlamada sanksiyaların satıcılara deyil, onların mağazalarına tətbiq edildiyinə diqqət çəkilib. Mağazası bağlanan satıcının digər mağazaları vasitəsilə satışlarını davam etdirə bildiyi bildirilib.
Aİ Komissiyası Temu-nun ilkin nəticələrə qarşı yazılı müdafiə təqdim edə biləcəyini açıqlayıb. Rəqəmsal Xidmətlər Aktı çərçivəsində pozuntunun yekun qərarla təsdiqlənəcəyi təqdirdə şirkətin qlobal illik dövriyyəsinin 6 faizinə qədər cərimələnə biləcəyi vurğulanıb.
Aİ Komissiyası may ayında da Rəqəmsal Xidmətlər Aktı çərçivəsində lazımi risk qiymətləndirilməsi aparmaq öhdəliyini pozduğuna görə Temu-nu 200 milyon avro məbləğində cərimələmişdi.

