İspaniyada maşinistlərin tətili qatar nəqliyyatını iflic vəziyyətə salıb



İspaniyada dəmir yollarında təhlükəsizliyin təmin olunmasını tələb edən maşinistlər noyabrın 10-dan bəri üçüncü dəfə tətilə başlayaraq ölkə üzrə qatar nəqliyyatını iflic vəziyyətə salıblar. 

AFN.az xəbər verir ki, 7 mindən çox maşinisti əhatə edən tətil əvvəlki günlərdən fərqli olaraq minimum xidmət səviyyəsinin təmin edilməməsi səbəbindən xüsusilə Barselona və Madrid kimi böyük şəhərlərdə ciddi xaosa yol açıb.

Səhər tezdən işə getmək üçün vağzallara üz tutan ispaniyalılar şəhərətrafı qatarların hərəkətindəki ciddi fasilələr səbəbindən çətinliklərlə üzləşiblər.

İspaniyanın dövlət dəmir yolu şirkəti Renfe minimum xidmət səviyyəsinin təmin edilməsi üçün zəruri şərtlərin yerinə yetirilmədiyini bildirib və sərnişinlərə alternativ nəqliyyat vasitələrindən istifadə etməyi tövsiyə edib.

Nəqliyyat Nazirliyi noyabrın 10, 12, 17 və 23-də keçirilən maşinist tətilləri ilə əlaqədar şəhərətrafı qatarların günün gərgin saatlarında 75 faiz, digər vaxtlarda isə 50 faiz həcmində xidmət göstərəcəyini açıqlamışdı. Sürətli qatarlarda xidmətin 72 faiz, yük qatarlarında isə 20 faiz səviyyəsində təmin ediləcəyi bildirilmişdi.

Maşinistlərin üzv olduğu SEMAF həmkarlar ittifaqı dəmir yolu təhlükəsizliyi sahəsində struktur dəyişikliklərinin həyata keçirilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilməməsini tətil qərarının səbəbi kimi göstərib.

İspaniyada cari il ərzində sürətli qatarların iştirakı ilə baş verən iki böyük qəza dəmir yolu təhlükəsizliyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

İlk hadisə yanvarın 18-də ölkənin cənubundakı Kordova şəhərinin Adamuz rayonunda baş verib. Sürətli qatarın relsdən çıxması nəticəsində 46 nəfər həyatını itirib.

İkinci böyük qəza isə oktyabrın 28-də Toledo şəhəri yaxınlığındakı Urda rayonunda iki sürətli qatarın toqquşması nəticəsində baş verib və 69 nəfər ölüb.

Toledoda baş verən qəzadan sonra Nəqliyyat naziri Oskar Puente Santyaqo istefa verib, solçu koalisiya hökuməti isə dəmir yolu təhlükəsizliyi ilə bağlı əlavə tədbirlər açıqlayıb.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu