NATO-nun çoxmillətli STARLIFT kosmik təşəbbüsü fəaliyyətə başlayıb


NATO 10 müttəfiq ölkə və Cənubi Koreyanın maliyyələşdirmə öhdəliyi götürdüyü, hərbi təyinatlı peyklərin kosmosa buraxılmasını təmin etməyi hədəfləyən çoxmillətli STARLIFT təşəbbüsünə start verib.

AFN.az xəbər verir ki, NATO-nun açıqlamasına əsasən, təşəbbüs İzmir şəhərində keçirilən NATO EDGE 26 konfransında başladılıb.

2024-cü ildən etibarən hazırlanan STARLIFT iştirakçı ölkələrin kommersiya buraxılış xidməti təminatçıları və kosmodromları ilə əməkdaşlıq edərək kosmosa çıxışı daha dayanıqlı, tələblərə daha sürətli cavab verən və xərc baxımından daha səmərəli etməyi hədəfləyir.

Təşəbbüs hərbi istifadəçilərə kommersiya raketləri ilə peyklərin buraxılması üçün yer ayırmağı asanlaşdıran xidmət təqdim edəcək. Bu xidmət NATO ölkələrində və Cənubi Koreyada yerləşən kosmodromlardan ibarət şəbəkəyə əsaslanacaq.

STARLIFT, həmçinin peyklərin təcili buraxılması da daxil olmaqla, ehtiyaclara çevik cavab verə bilən kosmik əməliyyat konsepsiyalarının hazırlanması və sınaqdan keçirilməsi üçün platforma yaradacaq.

Sınaq və təcrübə fəaliyyətləri vasitəsilə müttəfiqlərin buraxılış infrastrukturu və logistika imkanları inkişaf etdiriləcək, kosmik sahədə qabaqcıl təcrübə mübadiləsi aparılacaq.

Hava və dəniz nəqliyyatının idarə edilməsi həm müntəzəm, həm də qısa müddətdə hazırlanan buraxılışların təhlükəsizliyini artıracaq.

Buraxılış sifarişlərinin birləşdirilməsi və ehtiyacların əlaqələndirilməsi buraxılış xidmətlərinə çıxışı yaxşılaşdıracaq, həmçinin sektora investisiyaları dəstəkləyəcək.

NATO 2019-cu ildə kosmosu əməliyyat sahəsi kimi tanıyıb.

Belçika, Kanada, Finlandiya, Almaniya, İtaliya, Niderland, Norveç, İsveç, Türkiyə və Böyük Britaniya, eləcə də Cənubi Koreya oktyabrın 29-da NATO-nun Milli Silahlanma Direktorlarının iclası çərçivəsində keçirilən imzalanma mərasimində NATO Dəstək və Təchizat Agentliyi (NSPA) vasitəsilə təşəbbüsün maliyyələşdirilməsini öhdələrinə götürüblər.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu