Gürcüstan avtomobillərin təkrar ixracına rüsum tətbiq edir


Gürcüstan ölkədən avtomobillərin təkrar ixracı üçün 450 lari (təqribən 295 AZN) məbləğində yeni rüsum müəyyənləşdirib.

AFN.az yerli mediaya istinadən xəbər verir ki, Gürcüstanın Gəlirlər Xidmətinin qəbul etdiyi qərar noyabrın 16-dan etibarən qüvvəyə minib.

Qeyd edək ki, Gürcüstan qanunvericiliyinə uyğun olaraq əvvəllər avtomobillərin təkrar ixracı zamanı gömrük rəsmiləşdirilməsi ilə bağlı ödəniş Daxili İşlər Nazirliyinin Xidmət Agentliyində həyata keçirilirdi. Həmin xidmətin dəyəri təxminən 600 lari (təqribən 394 AZN) idi. Yeni qərara əsasən, mövcud ödənişlə yanaşı, əlavə 450 lari rüsum da ödənilməlidir.

Məlumatda bildirilir ki, Gürcüstandan avtomobillərin təkrar ixracında azalma tendensiyası davam edir. 2026-cı ilin ilk doqquz ayında ölkədən ümumi dəyəri 1,5 milyard dollar olan 63 141 avtomobil təkrar ixrac məqsədilə xarici bazarlara göndərilib.

Bu, ötən ilin eyni dövrünün göstəricisindən 475 milyon dollar və ya 24 faiz azdır. İxrac həcminin aşağı düşməsi Gürcüstan avtomobillərinin əsas alıcıları olan Qırğızıstan, Qazaxıstan, Azərbaycan və Tacikistana tədarükün azalması ilə əlaqələndirilir.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu